Dövlət gənclər siyasətinin məntiqi davamı: “Könüllülər” prokurorluq orqanlarında

  06 Fevral 2019    Oxunub : 2101
 Dövlət gənclər siyasətinin məntiqi davamı: “Könüllülər” prokurorluq orqanlarında
Ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində cəlb ediləcəklər.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır.

Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin etmişdir. Məhz ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin icrası ilə bağlı görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılmışdır.

Prokurorluq orqanlarına 2018-ci ildə müsabiqə yolu ilə 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin edilmişlər. Son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilmişdir.

Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulmuşdur. Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıyır. Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.

Azvision.az


Teqlər: Prokurorluq