Komitə sədri: “Demək olar ki, hər ay 1137 ailə dağılır”

  07 Fevral 2019    Oxunub : 4178
 Komitə sədri: “Demək olar ki, hər ay 1137 ailə dağılır”
"Əvvəllər ailənin dağılmasında əsas məsələ sonsuzluq göstərilirdi. Bu gün uşaqlı ailələrdə boşanma artıb. Bir uşaqlı ailələrdə boşanma 71 faizə çatıb. Gənclər ailəyə oyun kimi baxırlar. Bu çox acınacaqlıdır"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı "Gənclər və ailə: ənənə və müasir baxış" mövzusunda keçirilən tədbirdə deyib.

A.Naxçıvanlı ötən il boşanma halların çoxalmasının narahatlıq doğurduğunu bildirib: "2018-ci ilin 12 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 13655 boşanma halı qeydə alınıb. Demək olar ki, hər ay 1137 ailə dağılır. Ailələrin dağılmasına səbəb kimi ev, maşın, mülk daha çox üstünlük təşkil edir. Sevgi, səmimiyyət yavaş-yavaş uzaqlaşır. Evliliyə oyun kimi baxırlar. Bu nəsil o biri nəsilə acıq verir, dəbdəli toy edir, gənclər limuzinlə yola salınır, Maldiv adalarında istirahət edirlər və bir aydan sonra ailə yoxdur. Hər ay qəbula 30 nəfər gəlir. Hamısı mülk, uşaq və alliment davasıdır".

Komitə sədrinin fikrincə, araşdırmalar göstərir ki, tərəflərin bir-birini tanımaması, məişət zorakılığı, evlilikdən öncə ciddi düşünməmək, erkən nikah, məcburiyyət halları, maddi vəziyyət, kənar müdaxilələr, qayınana-qayınatalar ailə münaqişələrinə, məişət zorakılığına və boşanmalara gətirib çıxarır.

A.Naxçıvanlı, həmçinin qeyd edib ki, ailə siyasətində mənəvi dəyərlər olsaydı, belə hallar yaşanmazdı: "Şəxsiyyətin yetişməsində mühitdən əvvəl ailənin rolu böyükdür, əsas dəyərlər məhz ailədə qorunub saxlanılır və formalaşır. Ailə kiçik dövlətdir və öz qanunları var".

Aytən Zəhra
Azvision.az

Teqlər: Ailə   Boşanma