“Həmcinslərin nikahını bizə ailə modeli kimi göstərirlər” - Aynur Sofiyeva

  07 Fevral 2019    Oxunub : 3797
 “Həmcinslərin nikahını bizə ailə modeli kimi göstərirlər” - Aynur Sofiyeva
"Bu gün dünyada ailə dəyərləri deformasiyaya uğrayır"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Gənclər və ailə: ənənə və müasir baxış" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Sədr müavini qeyd edib ki, dəyərlər sisteminə baxanda sərt hüdudların silindiyini görürük: "Bizim üçün hazırda vacib olan problemlərin kökünün haradan gəldiyini bilməkdir. Dağılan ailələr arasında daha çox natamam və uşaq olmayan ailələr üstünlük təşkil edir. Təəssüflər olsun ki, bu gün Qərbdə ailədə uşaq əvəzinə heyvan saxlanılır".

A.Sofiyeva vurğulayıb ki, bu gün Qərbdəki fərqli ailə modellərini bizə sırımaq istəyirlər. "Həmcinslərin nikahını bizə ailə modeli kimi göstərirlər. Biz bunlara nəzər salanda Qərbdə ailə modelinin dağıldığını görürük. Bu da dünyada demoqrafik problemlərə gətirib çıxarır. Onlar bu problemləri həll etmək yerinə başqa cəmiyyətlərə ötürmək istəyirlər. Bəzi qüvvələr var ki, dünyanı bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Bizim üçün əsas məqsəd milli dəyərləri qorumaq olmalıdır".

A.Sofiyevanın sözlərinə görə, beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər. Təəssüf ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir.

"Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəri dəyərləri var. Əlbəttə, zamanın təsirlərinə məruz qalsada, fundamental dəyərləri bu günə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir".

Sədr müavini əlavə edib ki, dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif addımlar atılır: "Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Aynur-Sofiyeva