“Şəhid polislərin siyahısı hələlik sistemə vurulmayıb” - Nazirlik rəsmisi

  07 Fevral 2019    Oxunub : 2690
 “Şəhid polislərin siyahısı hələlik sistemə vurulmayıb” - Nazirlik rəsmisi
1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısı hələlik elektron sistemə vurulmayıb.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, şəhid polislərin siyahısı DİN tərəfindən nazirliyə təqdim olunmalıdır.

“Yaxın günlərdə Daxili İşlər Nazirliyi tərəfindən siyahı bizə təqdim ediləcək. Fərmana əsasən, siyahı fevralın 15-dək təqdim edilməlidir. Şəhid polislər barədə məlumatlar bizə verildikdən sonra dərhal elektron bazaya yerləşdiriləcək. Vərəsələr həmin sistemlə axtarış edib, notariat kontoruna yaxınlaşıb, müvafiq sənədləri təqdim etməklə vərəsəlik şəhadətnaməsi alacaqlar”.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 461 şəhid polisin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN