“Özümü həm də Azərbaycan diplomatı kimi hiss edirəm” - Çavuşoğlu

 “Özümü həm də Azərbaycan diplomatı kimi hiss edirəm” -  Çavuşoğlu
  07 Fevral 2019    Oxunub:4110
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türk tələbələrlə görüşüb.

Azvision.az xəbər verir ki, görüş ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə baş tutub.


Görüşdə paytaxt Vaşinqton, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhər universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsinin əməkdaşları iştirak edib. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində türkiyəli baş diplomatı mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan Məktəbi”nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlayıb, iki dövlətin birliyi və qardaşlığını ifadə edən şeirlər söyləyiblər. Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirib.

ABŞ-Azərbaycan Ticarət Palatasının İcraçı Direktoru Natiq Baxışov tədbiri açıq elan edərək, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində salamlayıb, Mərkəzin dəvətini qəbul etdiyi üçün təşəkkürünü bildirib.



Çıxış edən türkiyəli baş diplomat ABŞ-a səfərləri zamanı türk diaspor və tələbə təşkilatları ilə görüşdüyünü bildirib, lakin budəfəki səfəri zamanı Azərbaycan Mərkəzindən aldığı dəvətin ilk dəfə olduğunu vurğulayaraq öz buna görə minnətdarlığını ifadə edib.

Çıxışı zamanı o, ABŞ-Türkiyə münasibətləri, bu münasibətlərin hazırkı durumu, Türkiyənin regional siyasəti, eləcə də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Nazir özünü təkcə türk diplomatı deyil, eyni zamanda Azərbaycan diplomatı olaraq da hiss etdiyini bildirərək, bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan rejiminin o zamankı rəhbərliyinə verdiyi sərt cavabı xatırladaraq, türk xalqının bunu heç bir zaman unutmayacağını bildirib.



Daha sonra görüş tələbələrlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında fəal sual-cavablar formasında davam edib. Tələbələr Türkiyənin Suriya və Yaxın Şərq siyasəti, Türkiyə-Azərbaycan münasibətləri və bu münasibətlərin möhkəmlənməsində xaricdə yaşayan azərbaycanlı və türk toplumlarının birgə fəaliyyətlərinin rolu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ATƏT-nin Minsk Qrupunun bu istiqamətdə fəaliyyəti və s. barədə onları maraqlandıran sualları qonağa ünvanlayıblar.

Türkiyəli yüksək qonaq, çıxışı zamanı, xüsusilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin önəmini vurğulayıb, iki dövlətin birgə həyata keçirdiyi regional meqa layihələrə istinad edərək bundan sonra da dövlətlər və xalqlar arasında münasibətlərin birgə iqtisadi və biznes təməlləri üzərində daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, iki dövlətin güclənməsi yolu ilə mövcud problemlərini həll edə biləcəyini ifadə edib.



Sonda ABŞ-Azərbaycan Ticarət Palatası adından türkiyəli yüksək qonağa xatirə hədiyyəsi təqdim edilib. Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu da, öz növbəsində, dəvətə görə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirmiş və öz adından xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə ABŞ və Azərbaycan arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təsis edilib. 2000-ci ildə palatanın nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi təsis edilib. Palatanın paytaxt Vaşinqtonun qədim hissəsi olan Corctaun ərazində yerləşən binası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən açılıb.




Azvision.az


Teqlər:





Xəbər lenti