Məhkəmə qərarından nəticə çıxarmayan 446 nəfərə cinayət işi açılıb

  08 Fevral 2019    Oxunub : 1278
Məhkəmə qərarından nəticə çıxarmayan 446 nəfərə cinayət işi açılıb
Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarının genişləndirilməsini, məhkəmə icraatının elektron qaydada aparılmasını, vətəndaşların mənafelərinin təmin edilməsi və ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib. Bunlar vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəkdir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məqaləsində bildirib.

Vurğulayıb ki, məhkəmə orqanlarının qəbul etdikləri qərarların icrası barədə müraciətlər hələ də az deyil: "2018-ci ildə icrası təmin edilən işlərin sayı 450 mindən çox olub, dövlət büdcəsinə 1,1 milyard manatdan çox vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6775 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 446 şəxs barəsində cinayət işi başlanılıb. Eyni zamanda, 4885-ə yaxın şəxsin məhdudiyyəti məhkəmə qərarını icra etdiyinə görə götürülüb.

Məhkəmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üçün görülən tədbirlər 2018-ci ildə də davam etdirilib. Bununla belə, ötən il Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı artmışdır. Müraciətlərin sayının artmasını vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirmək olar.

Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Həmçinin apellyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir".

Azvision.az

Teqlər: PA   Məhkəmə