300-dən çox AMAL-çı ilə görüş keçirildi

300-dən çox AMAL-çı ilə görüş keçirildi
  08 Fevral 2019    Oxunub:2322
Bu gün Bakıda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüş AMAL-a start vermək məqsədi ilə təşkil olunub. Görüşdə 300-dən artıq AMAL-çı iştirak edib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, AMAL layihəsi kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür.

Onun sözlərinə görə, bu layihə çərçivəsində Gənc Fermerlər Hərəkatının əsası qoyulmuş olacaq: “Layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Nəticə etibarı ilə aqrar sahəyə marağı artıracağıq, innovasiyaları tətbiq edəcəyik və kəndlərdə yaşayan gənclərin fərdi biznes və sahibkarlıq imkanlarını genişləndirəcəyik”.

Nazir müavini bildirib ki, AMAL layihəsinin üstünlüyü ondan ibarətdir ki, iştirakçılar kompleks dəstək mexanizmi ilə təmin ediləcəklər: “AMAL-çı olaraq bölgələrdəki gənclərə təşkilatlanma və mobilizasiya işində dəstək veriləcək, bizneslərinin inkişafı və istehsal prosesinin düzgün təşkil edilməsi istiqamətində peşəkar təlimlər keçiriləcək, innovativ layihələr təşviq ediləcək və icra olunması üçün istehsal vasitələri, kredit və qrantlar təklif olunacaq, davamlı olaraq pulsuz informasiya-məsləhət xidməti göstəriləcək, hazır məhsulların bazara çıxarılmasına dəstək veriləcək. Bu da son nəticədə həm aqrotexniki tədbirlərin müvafiq tələblərə uyğun olaraq qurulmasına və ayrılmış kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə imkan yaradacaq. Eyni zamanda gələcək AMAL-çıların Aqrar Könüllülər Hərəkatı təşəbbüsünə cəlb edilərək digər gənc təsərrüfatçıların fəaliyyətinə dəstək verməsi nəzərdə tutulur”.

Sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev layihənin qaliblərinə uğurlar arzulayıb. O, rəsmisi olduğu nazirliyinin hər zaman bu cür gənclərə dəstək olduğunu və bundan sonra dəstək verəcəyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vahid Əhmədov isə xatırladıb ki, əvvəllər Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı 10-12 faiz idisə, hazırda bu rəqəm 30 faizə yaxınlaşır.

Deputat, həmçinin qeyd edib ki, kənd yerlərində gənclərin məşğulluğunun təmin edilməsi olduqca əhəmiyyətlidir. "Hazırda kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələr həyata keçirilir, qabaqcıl texnologiyaların inkişaf etdirilməsi nəzərdə tutulur. AMAL layihəsi məşğulluğun təmin edilməsi baxımından vacibdir. Ona görə də AMAL layihəsini əhalinin məşğulluğun təmin edilməsi baxımından yüksək qiymətləndirirəm".

Aytən Zəhra
Azvision.az


Teqlər: AMAL  





Xəbər lenti