Tramp növbəti seçkiyədək həbs ediləcək - İddia

Tramp növbəti seçkiyədək həbs ediləcək -  İddia
  11 Fevral 2019    Oxunub:2886
ABŞ prezidenti Donald Tramp növbəti prezident seçkilərinin keçiriləcəyi 2020-ci ildə həbs edilə bilər.

Azvision.az xəbər verir ki, bunu ABŞ-dakı 2020-ci il seçkilərində prezidentliyə namizəd olacağını bildirən demokrat senator Elizabet Uorren deyib. Artıq seçki kampaniyiasına başlayan amerikalı xanım senator ilk günlərdən Trampı hədəf alaraq, onun irqçi mövqeyini tənqid atəşinə tutub.
“Tramp hər gün irqçi, nifrət dolu, qaranlıq və çirkin bir tvit atır. Prezidentliyə namizədlər, fəallar və kütləvi informasiya vasitələri bu məsələ ilə bağlı nə edəcəklər? Hər gün bunun arxasıncamı gedəcəyik?” – Uorren sual edib.

Amerikalı senator Trampın Rusiya ilə gizli razılaşmaya getməsi iddiaları əsasında aparılan istintaqı xatırladaraq, xüsusilə vurğulayıb ki: “2020-ci ilə çatanda Donald Tramp artıq prezident vəzifəsini itirə bilər. Əslində, heç azad bir insan da olmaya bilər.”

Qeyd edək ki, Elizabet Uorren 2016-ci il prezident seçkilərində Hillari Klintonun təşviqat kampaniyası zamanı məşhurlaşan demokratlardan biri olmuşdu. Amerikanın aborigen sakinləri olan qızıldərililərin nəslindən gəldiyini iddia etdiyinə görə Donald Tramp Uorrenə “Pokahontas” ləqəbini vermişdi.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti