Qonşusunun 37 minini oğurlayıb, özünə maşın aldı - Təfərrüat

  13 Fevral 2019    Oxunub : 1156
 Qonşusunun 37 minini oğurlayıb, özünə maşın aldı - Təfərrüat
Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayonun Vəlvələ kənd ərazisində yerləşən evlərin birindən 18.000 manat və 790.000 rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib.



Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əhmədəliyev əvvəlcədən qonşusuna məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq törətməyi planlaşdırıb. Yanvar ayının 1-də gecə saatlarında ev sahibinin evdə olmadığından istifadə edən E.Əhmədəliyev bu planını reallaşdıraraq, zərərçəkmişə məxsus evə qanunsuz daxil olub, evin ikinci mərtəbəsində yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pulu oğurlayıb.



Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev, bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib. Pulun xeyli miqdarı isə saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb. Bundan əlavə onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi bir ədəd qara rəngli maska, bir çüt əlcək, bir ədəd vint açan və yastıdodaq aləti (kəlbətin), həmçinin bir ədəd soyuq silah olan beş barmaq aşkarlanaraq götürülüb.Faktla bağlı üzrə araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Quba   Oğurluq