“ASAN xidmət” VII “Dünya Hökumət Sammiti”ndə

  13 Fevral 2019    Oxunub : 617
“ASAN xidmət” VII “Dünya Hökumət Sammiti”ndə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti VII “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə Dubay şəhərinə səfər edib.
Azvision.az xəbər verir ki, sammit çərçivəsində “Dövlət Xidmətləri” mövzusunda təşkil olunmuş xüsusi Forumda Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib. Forum zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib. Həmçinin davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğu vurğulanıb.

Geniş müzakirə və suallarla davam edən tədbirə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan, Səudiyyə Ərəbistanı, Niderland kimi ölkələrin müvafiq sahə üzrə yüksək vəzifəli nümayəndələri, beynəlxalq təşkilatlar, mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.

Mərakeş Krallığının inzibati idarəçilik və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqanda Respublikasının ictimai xidmətlər üzrə dövlət naziri David Karubanqa, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə keçirilən görüşlərdə Dövlət Agentliyi ilə müvafiq qurumlar arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər barədə müzakirələr aparılıb.

Səfər zamanı BƏƏ-nin Nazirlər Kabinetinin Baş katibi Abulla Bin Tuq və yerli icmaların inkişafı üzrə nazir Hessa Bin Essa Buhumaid ilə də ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı tərəflər arasında dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsindəki əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşlərin bir qismi Dövlət Agentliyinin təşəbbüsü ilə Dubay şəhərində yeni fəaliyyətə başlamış “Azərbaycan Ticarət Evi”ndə keçirilib.







Azvision.az

Teqlər: ASAN-xidmət   Sammit