“Etirazlar xaricdən alovlandırılır” - Rəsmi Paris

  19 Fevral 2019    Oxunub : 1483
 “Etirazlar xaricdən alovlandırılır” - Rəsmi Paris
Fransadakı “sarı jiletlilər” etiraz hərəkatı ilə əlaqədar yaranmış böhranın daha da dərinləşməsi üçün müdaxilələr həm ölkə daxilindən, həm də onun hüdudlarından kənarda edilir.
Azvision.az xəbər verir ki, bunu Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Nikolya Lerner “Le Parisien” qəzetinə müsahibəsində ““Sarı jiletlilər” böhranına Rusiyanın müdaxiləsi üzrə istintaq aparılırmı?” sualını cavablandırarkən deyib.

“İnkar etmək olmaz ki, Fransada və xaricdə bəziləri saxta xəbərləri çoxaldaraq və yalan yayaraq “sarı jiletlilər” hərəkatının etirazları ilə əlaqədar Fransa hökumətini və dövlət başçısını çətin vəziyyətdə qoymaqda maraqlıdırlar. Bu cür müdaxilə qəbuledilməzdir” – Lerner vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin noyabrından etibarən Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn “sarı jiletlilər” etiraz mitinqləri zamanı indiyədək ümumilikdə 8400 nümayişçi nəfər saxlanılıb. Onlardan 7500-ü həbs edilib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: “Sarıjiletlilər”   Fransa   Rusiya