Təqaüdlərin artırılması tələbələrin motivasiyasını gücləndirəcək - Ekspertlər

   Təqaüdlərin artırılması tələbələrin motivasiyasını gücləndirəcək -    Ekspertlər
  20 Fevral 2019    Oxunub:4732
Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar oldu.
Həmin sənədlərə və dövlət başçısının "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanına əsasən ali məktəb tələbələrinə verilən təqaüdlərin və Prezident təqaüdünün məbləğinin artırılması təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Ümumilikdə 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artdığını nəzərə alsaq bu artımın gənclərin yüksək təhsil almasında növbəti stumul olduğunu əminliklə deyə bilərik.

Elə həmsöhbətimiz olan təhsil ekspertləri də cari ilin martın 1-dən tətbiq ediləcək bu yeniliklərin əhəmiyyətindən söz açıblar.


Şahlar Əsgərov (Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi):

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarıxli sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırılıb. Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xüsusi Fərman və “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncam imzalayıb. Düşünurəm ki, bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır. Sərəncamlar 100 mindən çox gənci sevindirib. Əminəm ki, gələcəyimiz sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin sayı daha da artacaq.


Etibar Əliyev (“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru):

- Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncamını təqdir edirəm. Bu sərəncam, demək olar ki, bütün tələbə spektrini əhatə edir və təhsilin fasiləsizliyinin daha möhkəm zəmin üzərində qurulmasına şərait yaradacaq. Bu və bundan öncə ölkə başçısı tərəfindən ali məktəblərin magistratura pilləsinə daxil olan tələbələrə hərbi çağırışdan möhlət hüququ verilməsi barədə qərar ölkədə insan kapitalının inkişafına töhfə kimi dəyərləndirilməlidir.

Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək. Biz ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işində iştirakımız zamanı daha yüksək təqaüd almaq uğrunda tələbələrin çalışqanlığının intensivləşməsi hallarına tez-tez rast gəlirik. Bu bizləri çox sevindirir. Eyni zamanda müəllimlərin də üzərinə daha keyfiyyətli dərs keçmək məsuliyyətini qoyur.

Bilirik ki, obyektiv və subyektiv səbəblərdən əksər ali məktəblərin yataqxanaları yoxdur. Və tələbələrin böyük qismi kirayədə yaşayır. Bu addım, düşünürəm ki, onların yaşayış xərcləri üçün də yardımçı olacaq.

Elmlər doktoru hazırlığı üzrə təqaüdün 300 manat müəyyənləşdirilməsi o deməkdir ki, onların təqaüdü AMEA-nın elmi işçiləri səviyyəsinə çatdırılıb. Bu onların elmi tədqiqatlara daha dərindən maraq göstərməsinə səbəb olacaq. Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi olduqca əhəmiyyətlidir. Ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin pillələrinin inteqrasiyasını da nəzərdə tutur. Orta ixtisas təhsili məktəblərinin ali təhsil müəssisələrinin nəzdində fəaliyyəti həm də təhsilin bu pilləsində oxuyan tələbələrin maddi şəraitinin yaxşılaşdırılmasını tələb edirdi. Orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması təhsilin bu pilləsinə olan diqqətin təcəssümüdür və şübhəsiz ki, bu pillədə də canlanmanın şahidi olacağıq.

Bütövlükdə təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan təlabat artacaq.

Təqaüdlərin artırılması ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir.

Azvision.az


Teqlər: Tələbə   Təqaüd  





Xəbər lenti