Vaşinqtondan erməni nazirə rədd cavabı - Görüşdən imtina edildi

  21 Fevral 2019    Oxunub : 1374
Vaşinqtondan erməni nazirə rədd cavabı - Görüşdən imtina edildi
Vaşinqton Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla əvvəlcədən razılaşdırılmış görüşdən imtina edib.

Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən yazıb.
Qeyd olunur ki, Ermənistan tərəfi uzun müddət idi ki, bu görüşün baş tutması üçün çalışırdı və artıq hər şey planlaşdırılmışdı. Lakin İrəvanın Moskvaya doğru bircə addımı üzündən görüş təxirə salınıb.

“Mənbəmizin sözlərinə görə, planlaşdırılmış görüşün təxirə salınmasında Con Boltonun (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi) Paşiyanla telefon söhbəti həlledici rol oynayıb. Söhbət zamanı Bolton soruşub ki, “Suriyaya missiya göndərmək yekun və geriyə dönüşü olmayan qərardırmı?” Paşinyan da "hə" cavabını verib. İndi də Ermənistan XİN bütün kanallar vasitəsilə vəziyyəti düzəltmək və xüsusən də, ABŞ dövlət katibi Mayk Pompeodan Mnatsakanyanla görüş üçün dəvət almağa çalışır, amma hələ ki, bütün cəhdlər nəticəsiz qalıb” – qəzet yazıb.

Mənbə onu da istisna etməyib ki, məsələni həll edə bilməsə, rəsmi İrəvan Mnatsakanyanın Vaşinqtona səfərinin təşkili üçün ABŞ-dakı erməni lobbisindən kömək istəyəcək: “Çünki indi bizim Vaşinqtondakı səfrimiz də heç də yaxşı durumda deyil.”

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   ABŞ