ATƏT PA-nın iclasında “ASAN xidmət”in üstünlüklərindən danışıldı

  22 Fevral 2019    Oxunub : 1386
ATƏT PA-nın iclasında “ASAN xidmət”in üstünlüklərindən danışıldı
Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində səmərəli idarəetmə” olub.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva iclasda çıxış edib. O bildirib ki, səmərəli idarəetmə, şəffaflığın təbliği, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin prioritetləri sırasındadır.

Milli Məclisin üzvü çıxışında ictimai xidmət sektorunda müasir informasiya texnologiyasından istifadə edilməsinə dair Azərbaycan təcrübəsini bölüşüb. Qeyd edilib ki, 2012-ci ildə dövlət başçısının fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) yaradılıb. Bu qurumun əsas məqsədi korrupsiyanın səviyyəsinin azaldılması, şəffaflığın artırılması və vətəndaşlara xidmət göstərilməsində etik davranışın təşviqidir.

Bildirilib ki, bu gün “ASAN xidmət“ modeli dünya miqyasında tanınmış Azərbaycan brendidir. Bu sistem hazırda bir çox ölkələr tərəfindən öyrənilir və tətbiq olunur. “ASAN xidmət“in yaradılması bir çox vətəndaşın əlavə xərclərinin azalmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və bəzi dövlət qurumlarında korrupsiya probleminin həllinə böyük töhfələr verib.

Ümumiyyətlə, “ASAN xidmət“ modeli 7 ildə sübut edib ki, korrupsiyanın qarşısını almaq və bu sahədə institusional islahatların səmərəliliyini artırmaq mümkündür. 2015-ci ildə dövlət xidmətlərinin sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə “ASAN xidmət“ Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb. Bu gün Azərbaycan brendi olan “ASAN xidmət“ modelindən dünyada 27 milyondan artıq insan yararlanır.

Azvision.az

Teqlər: ASAN-xidmət