NƏYİ DƏYİŞƏRDİN | Akif İslamzadə: “Anamdan üzr istəyərdim...”

NƏYİ DƏYİŞƏRDİN | Akif İslamzadə: “Anamdan üzr istəyərdim...”
  14 Noyabr 2013    Oxunub:10231
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .

Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “KAŞKİ...”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...

Beləliklə AzVision.az - ın “NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının budəfəki, həmsöhbəti Akif İslamzadədir. Tanınmış sənətkar bizə keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyini dedi.

İnsan bineyi-qədimdən yanlış seçimlər edir.

Mənə elə gəlir ki, keçmişə qayıtmaq şansım olsaydı heç nəyi dəyişməzdim. Nəyisə dəyişməyin özü də insandan insana dəyişir, yəni dəyişənlər biri-birindən fərqlənir. Elə götürək məni, heç vaxt keçmişə qayıtmaq , nəyisə düzəltmək fikrim olmayıb. “KAŞKİ”lər mənə görə deyil. Bu kimi nostalji hisslərə qapılan deyiləm. Allah insana seçim hüququ, qabiliyyəti verib. Onu da ki, insan bineyi- qədimdən düzgün istifadə etmir, həmişə səhv seçir. Yoxsa, cənnətdən qovulmazdıq ki...

Bir məsələni də nəzərinizə çatdırım ki, nələrisə dəyişmək istəyi qadınlarda daha güclü olur. Görünür bunun bir səbəbi var.

Anamdan sonra yetimçiliyin nə olduğunu bildim.



Anam rəhmətə gedəndə 57 yaşım var idi . Onun yoxluğundan sonra mən yetim oğlu yetim yetimçiliyin nə olduğunu başa düşdüm. Baxmayaraq ki, 57 yaşım var idi... Allahdan sonra öz balasına, bəşər övladına qarşı təmənnasız sevgisi olan bir məxluq varsa o da anadır.

Yenidən anamla birgə olduğum günlərə qayıtsaydım maraqlıdır nə edərdim? Yenidən o yaş dövrünə qayıtsaydım nəyi etiraf edərdim ?

Anam yenidən bizimlə birgə olsa idi, ondan yəqin ki, üzrxahlıq edərdim ki, ona qarşı az vaxt sərf etmişik, qədrini axıracan bilməmişik, nəzakətsizlik etmişik bəlkə, hər halda belə olardı.

Ən yüksək mərtəbəyə çatmış insan da həyatdan tam razı qalmır

Ən yüksək mərtəbəyə çatmış insan da həyatdan tam razı qalmır, nə isə elə hey dəyişmək istəyir. Buna görə də İnsan həyatı boyu narahatçılıq içində yaşayır.

Əvvəldən demək ki, elə edərdik, belə edərdik... -bizim deməyimizlə deyil axı, nə yazılıbsa deməli o da olmalıdır. Nəyisə başqa cür etmək gərəksəydi, o vaxt edərdik. Məsləhət belə imiş, deməli lazım deyilmiş ki, etməmişik. Bəzən bir iş görürsən alınmır. Təəssüflənirsən. Sonra müəyyən vaxt keçəndən sonra fikirləşirsən ki, nə yaxşı elə düzəlməyib. Axı bilmirik ki, nəticəsi nə olacaqdı. Quranda da ayə var ki, “bəzən sizin xeyrinizə olanı zərər hesab edirsiniz, zərərinizə olanı isə xeyir”. Amma nəyin yaxşı, nəyin zərərsiz olduğunu kimsə bilməz. Nə yaxşı ki, də bilmirik.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti