“Problemli kreditlərin həlli sosial məsuliyyəti artıracaq” - Tahir Mirkişili

  04 Mart 2019    Oxunub : 2691
“Problemli kreditlərin həlli sosial məsuliyyəti artıracaq” - Tahir Mirkişili
“Problemli kreditlərin həlli Azərbaycan iqtisadiyyatının dinamikliyi və inkişafı, sosial məsuliyyətin artması baxımından çox mühüm hadisədir”

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman dünyada nadir rast gəlinən hallardan biridir.
Deputat qeyd edib ki, problemin həll edilməsi dövlət-vətəndaş münasibətlərində etibar və dəstək məsələsini daha üst səviyyəyə qaldırır.

“Azərbaycanda ən yüksək səviyyədə xalq-iqtidar birliyi var. Cənab prezidentin ötən seçkilərdə çox böyük faizlə prezident seçilməsi bir daha xalqın ona olan etibarının və etimadının yüksək səviyyədə olduğunu göstərir. Cənab prezident son fərmanlarla bir daha xalqın yanında olduğunu, insanların probleminin onun üçün vacib olduğunu və diqqət mərkəzində saxladığını göstərdi”.

T.Mirkişili əlavə edib ki, problemli kreditlər iqtisadi inkişafın qarşısında mühüm bir maneə kimi dayanmışdı. Nəhayət, bu problem aradan qaldırıldı:

“Getdikcə problemin səviyyəsi artırdı. Problemli kreditlər maliyyə sisteminin sağlamlaşdırılmasında bir maneə kimi qalmışdı və bunu həll etmək lazım idi. Baxmayaraq ki, bu məsələdə dövlətin hüquqi və maliyyə öhdəliyi yox idi. Çünki burada məsələlər vətəndaş və özəl sektor arasında tənzimlənirdi, müqavilələr də var idi. Məsələnin həlli bir daha göstərdi ki, ümumi problemlərin həllində dövlət hər zaman təşəbbüs göstərməyə, bunun üçün kifayət qədər vəsait ayırmağa hazırdır. Burada ümumilikdə 1 milyarda yaxın vəsaitin ayrılmasından söhbət gedir və kifayət qədər böyük məbləğdir. Bu da iqtisadiyyatın inkişafının hərtərəfli təmin olunması baxımından dövlətin atdığı vacib addımdır”.

Millət vəkili vurğulayıb ki, digər mühüm məsələ belə hadisələrin bir daha təkrar olunmaması üçün sosial məsuliyyət sərhədlərinin daha dəqiq müəyyən olunmasıdır.

“Heç birimiz bir daha bu cür problemlərin yaşanmasını istəmirik. Verilən kreditlər həm bank, həm də vətəndaş tərəfindən o dərəcədə hesablanmış və gələcəyə yönəlmiş olmalıdır ki, problemlər bir daha təkrar olunmasın. Ötən müddətdə qanunvericilik sahəsində də xeyli dəyişikliklər olub. Tutaq ki, insanlar artıq dollar kreditlərini əvvəlki formada götürə bilmirlər. Müəyyən şərtlər var. Demək olar ki, kreditlər Azərbaycan manatında verilir. Vətəndaşların bu istiqamətdə bir daha problemlə üzləşməməsi üçün dövlət tərəfindən müxtəlif tənzimləmələr həyata keçirilib. Düşünürəm ki, bu hadisə Azərbaycan iqtisadiyyatı üçün dərs oldu. Hər bir problem növbəti inkişaf üçün bir imkandır. Əsas məsələ problemin olması deyil, problemin həll olunması və bu həlldən dərs götürülməsidir. Düşünürəm ki, bank sektoru və vətəndaşlar gələcəkdə kredit götürəndə daha diqqətli olacaqlar. Həmçinin, daha yeni mexanizmlər hazırlanacaq ki, bu problemlər bir daha təkrarlanmasın. Təbii ki, bütün bu mexanizmlərin hazırlanması Azərbaycan iqtisadiyyatını daha çox inkişaf etdirəcək”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Kredit   Deputat   Tahir-Mirkişili