Deputat yaş məsələsini soruşdu, spiker cavab verdi

 Deputat yaş məsələsini soruşdu,  spiker cavab verdi
  05 Mart 2019    Oxunub:3611
“Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir. Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Deputat 35 yaşla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.

Milli Məclisin sədri Oqtay Əsədov V.Əhmədova cavab olaraq bildirib ki, dünyanın hər yerində yaş həddi qoyulur: “Elə ölkələr var ki 28, elə ölkələr də var ki 35 yaş müəyyən edir”.

Qeyd edək ki, qanuna edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib. Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir. Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Vahid-Əhmədov  





Xəbər lenti