Yohannes Han: “Qarabağ danışıqlarının formatı dəyişməməlidir”

 Yohannes Han:  “Qarabağ danışıqlarının formatı dəyişməməlidir”
  06 Mart 2019    Oxunub:2746
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqların formatı dəyişməməlidir.

Azvision.az xəbər verir ki, Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bu cür bəyanatla çıxış edib.
Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə keçirəcəkləri ilk rəsmi görüşlərində həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını müzakirə edəcəklərini və Qarabağ separatçılarının da tərəf kimi danışıqlar prosesində iştirakının vacibliyini vurğulayıb. Lakin Avropa İttifaqı rəsmisi onun bu bəyanatı ilə razılaşmayıb və hansısa yeni formatın icad edilməsinə ehtiyac olmadığını deyib.

“Düşünürəm ki, yeni nəsə (format) yaratmaq yox, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlərin müzakirə edildiyi mövcud danışıqlar formatının qorunub saxlanması vacibdir. Ermənistanın baş naziri Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan arasında xarici işlər nazirləri və liderlər səviyyəsində danışıqlar baş tutub və bunun özü nizamlanmaya doğru müsbət irəliləyişdir. Münaqişənin həllində Avropa İttifaqının dəstəyinə gəlincə isə, biz etimadın qurulması tədbirlərini və bütövlükdə regionda, xalqlar arasında əməkdaşlığı dəstəkləyə bilərik. Bunun üçün müəyyən imkanlar var. Təbii ki, bu, vaxt aparan prosesdir. Amma mövcud durum regional vəziyyətin yaxşılaşdırılması üçün əlverişli deyil və biz yalnız münaqişə tərəflərinin xahişi əsasında köməyimizi göstərə bilərik. Çünki bu məsələnin necə yoluna qoyula biləcəyini, necə həll olunacağını onlar bilirlər ” – Yohannes Han vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Avropaİttifaqı  





Xəbər lenti