İrəvanda yüzlərlə avtobus sürücüsü etiraz aksiyası keçirir – FOTOLAR

  07 Mart 2019    Oxunub : 1062
 İrəvanda yüzlərlə avtobus sürücüsü etiraz aksiyası keçirir – FOTOLAR
Bu gün səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə düşüb. Buna səbəb “Avtobus” QSC-nin sürücülərinin etiraz aksiyası keçirməsidir.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etiraz əlaməti olaraq tətilə çıxan 250-dən çox avtobus sürücüsü paytaxt sərnişinlərinə xidmət göstərməkdən imtina ediblər.

Aksiya keçirən sürücülərin sözlərinə görə, əvvəllər gün ərzində sərnişinlərin ödədiyi yol pulları ilə “plan”ı doldurub rəhbərliyə təqdim edirdilər və digər vəsait özlərinə qalırdı. Amma indi rəhbərlik onlara gündəlik cəmi 6-7 min dram təklif edir ki, bu məbləğ də sürücüləri qane etmir.

Avtobus sürücülərinin şikayəti həm də hökumətin səhlənkarlığı üzündən günlərlə pulsuz qalmaları ilə bağlıdır. Onların sözlərinə görə, əvvəllər texniki xərclərlə özləri məşğul olurdular və operativ şəkildə məsələ həllini tapdığından, avtobusların marşruta buraxılmasında problem yaşanmırdı. Amma indi dövlət texniki məsrəfləri öz üzərinə götürüb və vəziyyət daha da pisləşib.

“Yəni əgər hansısa texniki problem varsa, gərək bir neçə gün oturub gözləyək ki, dövlət nə zaman problemi həll edəcək. Bu isə o deməkdir ki, avtobus günlərlə istifadəyə verilməyəck və biz pulsuz qalacağıq” – etiraz edən sürücülərdən biri bəyan edib.

Qeyd edək ki, hazırda İrəvan meriyasının nəqliyyatın idarəedilməsi departamentinin rəisi Qenrix Navasardyan aksiya keçirən sürücülərin nümayəndələrilə görüşür.




Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Aksiya