“Akk səni, pis hakimiyyət!”, yaxud, nəyi hökumətdən istəməli deyilik? – VİDEOKÖŞƏ

      “Akk səni, pis hakimiyyət!”,    yaxud, nəyi hökumətdən istəməli deyilik? –    VİDEOKÖŞƏ
  11 Mart 2019    Oxunub:14559
Yəqin, bunu siz də dəfələrlə müşahidə etmisiniz ki, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən, pisləyən şəxslər çox vaxt haqsız olsalar belə, kütlədən dəstək və sevgi görürlər, hakimiyyətin yaxşı işlərini təqdir və təbliğ edən insanlar isə hətta haqlı olduqları halda da, lax yumurta iyi verən atmacalar, tikanlı sözlər, bəzənsə açıq söyüşlərlə üzləşməli olurlar. Baxmayaraq ki, heç kimə heç bir pislikləri keçməyib, kütlənin “yaltaq”, “satqın”, “girən”, “dürtülən”, “soxulan” kimi təhqirlərinə tuş gəlirlər. Niyə belə olur?

Niyə bir insan heç kimə ziyan vurmadığı halda, sadəcə iqtidara xoş münasibətini göstərdiyi üçün, kütlə ona nifrət edir? İndi bunun mexanizmini açacağıq.




 




Yadınızdadırmı, siz uşaq olanda yıxılırdınız, əzilirdiniz, əlinizi kəsirdiniz, ağlayırdınız? Və valideyniniz gəlib, sizin yıxıldığınız stulu, sizin əlinizi kəsən bıçağı “akk” edirdi: “Akk səni, pis bıçaq, sən niyə mənim balamın əlimi kəsdin?!” Bizə demirdilər ki, “ günah SƏNİN özündədir; SƏN bıçağı səhv tutmusan, SƏN stulda elə oturmamalı idin”. Yox, məsuliyyəti bizdən uzaqlaşdırıb, heç bir günahı olmayan kənar obyektlərə yükləyərək, onları “akk edirdilər”. Düzdür, bu, işləyirdi – yadınıza salın, həqiqətən də o zaman sizin ağrınız azalırdı. Niyə? Çünki həmin an beyində Dofamin, Seratonin, Noradrenalin və digər maddələr ifraz olunurdu.  Bunlar pozitiv hiss neyromediatorlarıdırlar; onların təsirilə həm ağrı azaldır, həm də insanda xoş əhval, sevgi və bağlılıq hissləri formalaşır. Yadınıza salın, ananız sizin başınızın dəydiyi divarı “akk edəndə” həm ağrınız azalırdı, həm də ananıza qarşı daha çox sevgi hiss edirdiniz, düzdürmü?! Düzdür. Səbəb isə bax, budur – Dofamin və Seratonin. Bu sxem, düzdür, körpə vaxtı bizim ağrımızı azaldırdı, bizi valideynimizə daha çox bağlayırdı, amma eyni zamanda çox mənfi bir mental proqram da yükləyirdi beynimizə. Bizdə belə bir təfəkkür formalaşırdı ki, üzləşdiyimiz hər bir mənfi halın məsuliyyəti özümüzdə yox, mütləq kimdəsə başqasındadır. Və o başqasını da mütləq “akk eləmək” lazımdır ki, bizim ağrımız azalsın. Sonra böyüyürük, müstəqil həyata başlayırıq, müxtəlif işlərə əl atırıq, bəzən uğur qazanırıq, bəzən əksinə, uğursuzluqla üzləşirik... Çox vaxt istədiyimiz həyatı, işi, pulu, evi, maşını, xoşbəxtliyi əldə edə bilmirik. Və bu zaman uşaqlıqdan beynimizdə qalan həmin bu “Ağrı-Dofamin-Serotonin-Rahatlaşma” sxeminə hər dəfə yenidən ehtiyac yaranır. Bizə elə gəlir ki, uğursuzluğumuzun günahı özümüzdə yox, mütləq başqasındadır. Əlimizi kəsən bıçaqdadır, yıxıldığımız stuldadır, bizə qayıb yazan müəllimdədir, maaşı az verən müdirdədir, dostumuzdadır, həyat yoldaşımızdadır, nəhayət, ən böyüyü isə kimdədir?! Bəli, hakimiyyətdə! Bir halda ki, mən uğursuzam, nəyisə bacarmıram, işimi yüksək səviyyədə qura, pul qazana bilmirəm, deməli, günah hakimiyyətdədir. Hətta başqalarının axı bunu bacarması kimi ciddi bir arqument də bizə təsir etməyəcək. Çünki uğursuzluq, pulsuzluq, bacarıqsızlıq həmişə acı və ağrılıdır; təbii ki, hər kəs ağrısının azalmasını istəyir, bizim isə beynimizdə bunun uşaqlıqdan nəğd bir sxemi qalıb: “Ağrı-Dofamin-Noradrenalin-Seratonin-Rahatlaşma”. Beləliklə, mexanizm necə işləyir? Artıq böyümüş olsaq belə, biz şüuraltı səviyyədə qərar veririk ki, yıxılmağımızın səbəbi stulda olduğu kimi, uğursuzluğumuzun da günahı hakimiyyətdədir. Deməli, onu “akk” eləmək lazımdır. Və kimsə çıxıb hakimiyyəti söyəndə, pisləyəndə, tənqid, yaxud təhqir edəndə beynimiz bunu iqtidarın “akk edilməsi” kimi qəbul edərək, bax, həmin bu neyromediatorları buraxır: Dofamin, Seratonin, Noradrenalin. Nəticədə mənəvi ağrımız azalır, eyni zamanda, Seratoninin digər vacib funksiyasını yada salsaq, bizdə hakimiyyəti “akk edən” insanlara qarşı bir doğmalıq, bağlılıq hissi formalaşır. Eynilə uşaqlıqda bizə görə stulu “akk edən” anamızı daha çox sevdiyimiz kimi, onları sevməyə başlayırıq. Baxın, məhz buna görə insanların bir qismi hakimiyyəti söyən, tənqid edən şəxslərə daha isti yanaşır, onları özlərinə sanki daha yaxın, daha doğma sayırlar. Səbəb əsla və qətiyyən bu deyil ki, onlar mərd, cəsarətli, fədakar və dürüstdürlər. Tam əksinə! Onlar çox vaxt qorxaq, satılmış, öz marağı üçün başqalarından istifadə edən və sürüşkən insanlardırlar. Sadəcə, onların dediklərini dinləyərkən Sizin beyninizdə ifraz olunan Seratonin-Dofamin cütlüyü sizi belə düşünməyə vadar edir! İnsanların müxtəlif siyasi liderləri, dini rəhbərləri və sairi və ilaxırı sevməyinin kökündə bu dayanır: Sadəcə, onlar sözləri ilə sizin beyninizdə həmin neyromediatorların ifrazına səbəb ola bilirlər, vəssalam, şütt də tamam! Yəni səbəb o adamların guya sizi düşünməsi, sizin üçün çalışması deyil. Səbəb biokimyadır. Hidrogen, Azot və Oksigen atomlarından təşkil olunmuş molekullar. Əgər bundan sonra yenə də dünyanı, siyasi-iqtisadi prosesləri ayıq başla yox, həmin bu molekulların təsirilə qiymətləndirməkdə davam etmək istəyirsinizsə, buyurun, həyat sizindir, özünüz bilərsiniz. Yox, əgər reallığı görməyə hazırsınızsa,  onda bir az da yaxın gəlin və qulaq asın. Dostlar, bizim üzləşdiyimiz uğursuzluqlara görə kimisə “akk eləmək” dövrü uşaqlıqda qaldı. Əslində heç o vaxt da olmalı deyildi, amma indi, əgər böyümüşüksə, həyatın, gerçəkliyin gözünə dik baxmaq üçün lazım olan cəsarəti toplayıb, etiraf etməliyik: Üzləşdiyimiz uğursuzluqların, istədiyimiz kimi qazana və yaşaya bilməməyimizin məsuliyyəti də, günahı da ilk növbədə özümüzdədir. Səni arzuladığın həyata çatdırmalı olan bircə nəfər var - o da Sənsən. Şair demişkən, “o yol sən özünsən, ilan balası!” Və arzuladığın həyata çata bilmirsənsə, günahı ilk növbədə özündə axtar. Demək ki, biz özümüzü yaxşı yetişdirməmişik, kifayət qədər bacarıqlı, peşəkar ola bilməmişik. Nəticədə bizə ehtiyac yoxdur, heç kim bizim biliyimizi, qabiliyyətimizi yüksək qiymətdə satın almaqda maraqlı deyil. Özümüz də onu harasa tətbiq edib, yaxşı yaşaya bilmirik. Çünki malik olduğumuz bilik və qabiliyyət yüksək qiymətə dəymir. Üzgünəm, amma reallığı dəyişməyin ilk addımı onu qəbul etmək olmalıdır. Bilirsiniz ki, Amerikada çox az filosof yetişib. Çünki onlar praqmatik insanlardırlar, sevdikləri fəlsəfə də praqmatizmdir. Amma Amerikanın yetişdirdiyi azsaylı filosoflardan biri – Ralf Uoldo Emersonun belə bir gözəl fikri var: “Sən əgər siçan tələsini hamıdan yaxşı düzəldə bilirsənsə, cəngəllikdə yaşasan belə, qapına cığır açılacaq”. Yəni öz sahəndə ən yaxşılardan, peşəkarlardan biri olmalısan. Olsan, həyatda uğur qazanmaq ehtimalın kəskin artır. Ola bilməsən, günah səndədir, hakimiyyətdə yox. Sən əgər bacarıqsız və dəyərsiz insansansa, hakimiyyətə kimin gəlməsindən, iqtidarın neçə dəfə dəyişməsindən asılı olmayaraq, elə o cür də qalacaqsan. Ta ki, özünü inkişaf etdirməyənə qədər. Hakimiyyət sənin təhlükəsizliyini və normal yaşayıb-işləmək üçün zəruri şərtləri təmin etməlidir, qalanını isə özün yaratmalısan. Bax, indi siz mənə nifrət eləyirsiniz, söyürsünüz. Çünki mən sizin problemlərə görə başqasını “akk” eləmədim. Əksinə, gühanın sizdə olduğunu dedim. Uşaq vaxtı stuldan yıxılanda bunu sizə valideyniniz desəydi, daha bərk qışqırıb ağlayacaqdınız. Amma əvəzində gələn dəfə stuldan yıxılmayacaqdınız, güman ki, bıçaq bir də əlinizi kəsməyəcəkdi. Başımıza gələn mənfi işlərə, həyatımızdakı uğursuzluqlara görə məsuliyyəti öz üzərimizə götürməyi nə qədər tez öyrənsək, istədiyimiz uğurlu, rahat, təhlükəsiz həyata qovuşmaq şansımız da bir o qədər çox olacaq. Ona görə də, hakimiyyəti “akk eləməklə” sizin beyninizdə Dofamin və Seratonin ifrazına səbəb olanları qoyun bir qırağa. İstədiyiniz həyata çata bilməməyin səbəbini araşdırmağa özünüzdən başlayın. Elə indi. Onsuz da bu zəhrimar hormonlara görə xeyli gecikmişik. Vüsal Məmmədov Azvision.az




Teqlər: Psixologiya   Motivasiya   Siyasət   Təhlil   Elm  





Xəbər lenti