Baş bankirin Fransada imzaladığı sazişin detalları

Baş bankirin Fransada imzaladığı sazişin detalları
  13 Mart 2019    Oxunub:2269
Mərkəzi Bank (AMB) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində AMB ilə “Rotchild & Cie” Bankı arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişinin detallarını açıqlayıb.
Bankdan Azvision.az -a bildirilib ki, sazişə əsasən 3 strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:

- Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

- Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, posedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

- Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaq.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, “Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.

“Rotchild & Cie” Bankı beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malikdir.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti