Həqiqət Qədirova: “Həkimlərin maaşlarının artırılması vacibdir”

  Həqiqət Qədirova:  “Həkimlərin maaşlarının artırılması vacibdir”
  14 Mart 2019    Oxunub:4992
“Azərbaycanda vərəmli xəstələrə sosial dəstəyin olması vərəmlə bağlı göstəricilərin azalmasına və vərəmli xəstələrin sayının getdikcə sıfıra yaxınlaşmasına kömək edər”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə “Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) direktoru, professor Həqiqət Qədirova deyib.

O, bildirib ki, Azərbaycanda vərəmlə mübarizəyə böyük diqqət göstərilir: “Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir. Son iki ildə həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var”.

H.Qədirova vurğulayıb ki, vərəmlə bağlı laboratoriayaların sayı artırılmalıdır: “Bundan başqa, hazırda icbari tibbi sığortaya keçirilir. Amma vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil. Digər tərəfdən, bu sahədə işləyən həkimlərin, orta tibb işçilərinin maaşlarının artırılması vacibdir. Vərəm xəstəliyinin müalicəsi çox uzun çəkir, ən həssas vərəm formalarının müalicəsi azı 6 ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır. Əgər həkimin hansısa maddi marağı olsa, bizdə hansısa göstəricilər düzələcək”.

Professor qeyd edib ki, vərəmin müalicəsi üçün ailə üzvlərinin də çox güclü dəstəyi lazımdır: “Vərəmli xəstələrə sosial dəstək lazımdır. Müəyyən bir dövr ərzində vərəmli xəstələrə Vərəmlə Mübarizə üzrə Qlobal Fond tərəfindən yardım verilirdi. Təxminən 50-75 manat yardım edilirdi, amma sonradan bu layihə dayandırıldı".

H.Qədirovanən sözlərinə görə, vərəmli xəstələrin uzun müddət stasionar müəssisədə yatmasına ehtiyac yoxdur. Amma əlillik dərəcəsi almaq üçün onlar statisionar müəssisədə yatmalıdırlar: “Belə bir anlaşılmazlığa görə xəstələr çalışırlar ki, uzun müddət stasionar müəssisələrdə yatsınlar. Halbuki, buna ehtiyac yoxdur, çünki onlar ev şəraitində müalicələrini davam etdirə bilərlər. Bu məsələnin həll edilməsi yaxşı olardı”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: HəqiqətQədirova  





Xəbər lenti