Real TV 1 yaşında: “Fəaliyyətimizə ən böyük qiymət prezidentin müsahibəsi oldu” - VİDEO

     Real TV 1 yaşında:    “Fəaliyyətimizə ən böyük qiymət prezidentin müsahibəsi oldu” -    VİDEO
  16 Mart 2019    Oxunub:3499
Operativ xəbərləri, birbaşa yayımları, aktual müsahibələri ilə Azərbaycan teleməkanına yenilik gətirən Real TV –nin 1 yaşı tamam olur. Mir Şahin Ağayevin rəhbərlik etdiyi peşəkar kollektiv hadisə yerindən, mətbuat konfranslarından, ölkə əhəmiyyətli tədbirlərdən verdikləri canlı yayınlarla Azərbaycan seyrçisini hadisələrin iştirakçısına çevirməyi bacarır.
“Yeni Müsavat” qəzetinin əməkdaşları həmkarlarımızı bu əlamətdar gündə tək qoymayıblar. Real TV-nin ofisinə baş çəkərək Mir Şahin Ağayevin və rəhbərlik etdiyi kollektivin 1 yaş təəssüratlarını öyrənməyə çalışıblar.

Qeyd edək ki, telekanalın fəaliyyəti 1 il olsa da, orada çalışan jurnalistlər uzun illərin təcrübəsinə malik peşəkarlardır. Televiziya sahəsində formalaşan jurnalistlər bu gün də Real TV-nin işini uğurla aparmağı bacarırlar.



Qaynar iş mühiti və çoxsaylı təbrik zəngləri arasında vaxt tapıb suallarımızı cavablandıran Mir Şahin Ağayev bildirdi ki, bu gün təkcə onlar üçün deyil, xəbər sahəsində çalışan istənilən insanın həyatında ciddi hadisədir:

“Azərbaycanda daha öncə də fasiləsiz fəaliyyət göstərən xəbər kanalı var idi. Biz ona görə xəbər kanalına müraciət etdik ki, bəzən yük çox olanda bir nəqliyyat vasitəsi azlıq edir. Azərbaycan cəmiyyətində çoxlu xəbər var idi və biz hesab etdik ki, yeni bir xəbər kanalının olması daha yaxşıdır. Bu baxımdan biz belə seçim etdik, ixtisaslaşmış xəbər kanalı yaratdıq. Real TV həm də birbaşa yayım ənənələrini Azərbaycan efirinə qaytardı. Əvvəl də xəbər aparıcılarının birbaşa yayımı, futbol oyunlarından canlı yayım və sair var idi. Ancaq hadisə yerindən birbaşa yayım ənənəsini bir geri qaytardıq. Real-ın ən böyük üstünlüyü böyük mənada birbaşa yayımın Azərbaycan efirinə qayıtmasıdır. Tam cəsarətlə deyə bilərəm ki, Real-a qədər heç bir televiziya bur qədər birbaşa yayım etmirdi. Bu eyni zamanda Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu iddia edən insanlara da cavabdır. Söz azadlığı regionlardan birbaşa hadisə yerindən verilən reportajlarda özünü göstərir. Burada artıq heç nəyi montaj etmirsən. İkinci ən böyük uğurumuz isə Azərbaycanda demək olar ki, bütün yüksək rütbəli məmurlarının Azərbaycan televiziyasına, informasiya strukturlarına münasibətinin dəyişməsidir. Dövlət başçısı Azərbaycan jurnalistikasına etimad göstərdi, müsahibə verdi. Özü də bu fundamental müsahibə idi, hesabat xarakterli müsahibə idi. Bu baxımdan mən Real-ın fəaliyyətinə ən yüksək qiymətin elə məhz prezidentin müsahibəsilə verildiyini düşünürəm”.

Mir Şahin bəy planlaşdırılan yeniliklərlə bağlı anons verdi. Onun sözlərinə görə, Real TV-nin həm xaricdə, həm də ölkəmizə bölgə müxbirləri fəaliyyət göstərəcək. Bundan başqa, kanalın milli tezlikdə efirə çıxması üçün MTRŞ-dan icazə alınması ilə bağlı da müraciət edilib və müsbət qərarın verilməsi gözlənilir. Qeyd edək ki, hazırda Real TV-yə ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz lisenziya verib. Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Real TV-nin əməkdaşları Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Ayşəm Rüstəmova, Natiq Nailəoğlu, Mehman Rəsulov da adını televiziya məkanına birgə yazdıqları Real TV-nin 1 illik fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşdülər.

Azvision.az


Teqlər: RealTV  





Xəbər lenti