Ən çox məhsul idxal və ixrac etdiyimiz ölkələr - Statistika

  16 Mart 2019    Oxunub : 1705
 Ən çox məhsul idxal və ixrac etdiyimiz ölkələr - Statistika
Yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 69 ölkəyə məhsul ixrac olunub, 126 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1482,2 milyon dollar, idxalın dəyəri 1022,7 milyon dollar təşkil edib, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz, o cümlədən idxal 48,3 faiz artıb, ixrac isə 3,8 faiz azalıb. Real ifadədə dövriyyə 5,9 faiz, o cümlədən idxal 17,7 faiz, ixrac 0,7 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 34,7 faizini İtaliyaya, 10,0 faizini Türkiyəyə, 7,9 faizini Portuqaliyaya, 6,0 faizini İsrailə, 5,5 faizini Çexiyaya, 4,8 faizini Hindistana, 4,5 faizini Vyetnama, 3,9 faizini Gürcüstana, 3,8 faizini Rusiyaya, 3,5 faizini Tailanda, 3,0 faizini Ukraynaya, hər biri 2,9 faiz olmaqla Birləşmiş Krallıq və Yunanıstana, 2,7 faizini Almaniyaya, qalan 3,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 11,8 faizi Rusiya, 9,0 faizi Türkiyə, 8,6 faizi Çin, 7,9 faizi Avstraliya, 7,7 faizi İran, 6,2 faizi ABŞ, 4,6 faizi Belarus, 4,4 faizi Almaniya, 4,2 faizi Norveç, 3,6 faizi Kanada, 3,5 faizi Ukrayna, 3,2 faizi Yaponiya, 25,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Azvision.az

Teqlər: Statistika