Nazir amerikalı jurnalistə müsahibə verib

Nazir amerikalı jurnalistə müsahibə verib
  26 Mart 2019    Oxunub:2769
Amerikalı tanınmış jurnalist, “77WABC” radiosunun aparıcısı Con Batçelor Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarovdan müsahibə alıb.
Azvision.az xəbər verir ki, müsahibə zamanı Mikayıl Cabbarov 2018-ci ilin sonlarında Azərbaycanda həyata keçirilmiş vergi islahatları barədə amerikalı jurnalisti məlumatlandırıb və bildirib ki, bu islahatları həyata keçirməkdə məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünün qaldırılması yolu ilə qeyri-neft sektorunun inkişafını təmin etməkdir.

Müsahibədə Azərbaycanda kənd təsərrüfatı sektorunun ümumiyyətlə vergidən azad edildiyi vurğulanıb, bunun adıçəkilən sektorun inkişafını təmin etməklə bərabər, ölkənin kənd təsərrüfatı məhsullarının xarici ölkə bazarlarında satışı zamanı rəqabətliliyinin artmasına səbəb olduğu bildirilib. Qeyd olunub ki, vergi siyasəti iqtisadi inkişafı təmin etdiyi kimi, ölkənin iqtisadi inkişaf səviyyəsi də vergi siyasətinə önəmli təsir göstərir. Bu baxımdan Azərbaycan Respublikası Vergilər Nazirliyinin ölkəmizin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə yaxından işlədiyi diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, ölkəmizdə inkişaf yalnız paytaxtda deyil, regionlarda da baş verir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq regionların sosial infrastruktur layihələrinə 10 milyardlarla manat sərmayə yatırılıb, üç mindən çox məktəb, altı yüzdən çox xəstəxana tikilib və on minlərlə kilometr uzunluğunda yollar çəkilib.

Sonda qeyd olunub ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və bu fakt Dünya Bankının “Doing Business 2019” hesabatında da öz əksini tapıb.

Azvision.az



Teqlər: Azərbaycan   Vergilər   ABŞ  





Xəbər lenti