Müdafiə naziri ABŞ-da Qarabağı müzakirə edib - FOTO

  27 Mart 2019    Oxunub : 1275
 Müdafiə naziri ABŞ-da Qarabağı müzakirə edib - FOTO
Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, cənab J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.



General-polkovnik Z.Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT Baş Katibi müavininin diqqətinə çatdırıb.



Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır. Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: MN   Zakir-Həsənov   BMT   Qarabağ