Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılacaq

 Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılacaq
  27 Mart 2019    Oxunub:2487
"Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılacaq Bələdçilər Assosiasiyasını nümunə göstərmək olar"
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Aparat rəhbəri bildirib ki, dövlət qurumu olaraq DTA ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır:

"Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır", - deyə K.Qasımov vurğulayıb.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemlər yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi.

Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb. Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər. Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergitutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Vergi  





Xəbər lenti