Sumqayıtdakı partlayışın təfərrüatları məlum oldu

 Sumqayıtdakı partlayışın təfərrüatları məlum oldu
  28 Mart 2019    Oxunub:1584
22 mart 2019-cu il tarixdə səhər saatlarında Sumqayıt Texnologiyalar Parkının Metaləritmə zavodunda bədbəxt hadisə baş verib. Poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib.
Bu barədə Azvision.az -a STP-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib: "Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək".

R.Əliyev qeyd edib ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar.

"Əməkdaşların hər biri icbari sığorta olunublar. Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək".

Azvision.az



Teqlər: STP  





Xəbər lenti