Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıya gəlib

  Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıya gəlib
  29 Mart 2019    Oxunub:1936
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarının peşə bayramını münasibətilə ölkəmizdə səfərdə olan xarici ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri və onların rəhbərlik etdiyi nümayəndə heyətləri martın 28-də İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Əvvəlcə İçərişəhərdə olan qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar” saray kompleksini ziyarətlə başlayıb. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonaqlara paytaxt Bakının qədim tarixi rəmzlərindən biri Qız qalasının özünəməxsus memarlıq xüsusiyyətləri barədə də məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə inşa olunan Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

Qonaqlar İçərişəhərdəki Miniatür Kitab Muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, 2002-ci ildə fəaliyyətə başlayan muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır. Hazırda muzeydə 39 rəfdə 5700 nüsxədən artıq kitab nümayiş etdirilir. Yetmişdən çox ölkədə çap olunmuş bu kitabların ən kiçiyinin ölçüləri 0,75x0,75 millimetrdir. Üç kitab isə 2x2 millimetr formatındadır. Fəaliyyət göstərdiyi illərdə 160-dan çox miniatür kitab buraxan, dünyada unikallığı ilə seçilən muzeyin fəaliyyətinə 600-dən artıq məqalə həsr edilib. Burada, eyni zamanda, 100-dən çox kitabın təqdimatı keçirilib.

Sonra qonaqlar dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzində olublar.

Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edib.

Mərkəzin ən cəlbedici hissələrindən biri olan Heydər Əliyev Muzeyi ilə tanışlıq qonaqların böyük marağına səbəb olub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeydə Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıb. Qonaqlar Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətini əks etdirən sənədlər, fotolar, dahi şəxsiyyətin çalışdığı illərdə hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələrə baxıblar.

Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən “Azərbaycan inciləri: tarixin axarında” adlı sərgidə qonaqlar Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla tanış olublar.

Mərkəzin “Mini Azərbaycan” sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. Tur-aksiya iştirakçılarına sərgilənən binaların tarixi və memarlığı haqqında ətraflı məlumat verilib.

Qədim İçərişəhər və əzəmətli Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda böyük təəssürat oyadıb. (AzərTAc)

Azvision.az


Teqlər: Bakı  





Xəbər lenti