Vyana görüşünün detalları məlum oldu - Yenilənib

  29 Mart 2019    Oxunub : 21346
Vyana görüşünün detalları məlum oldu - Yenilənib
Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb.

Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşü ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıblar. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıblar.

Bundan əlavə, hər iki ölkə lideri Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq ediblər.

Prezident və baş nazir öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək üçün təlimat veriblər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Azvision.az

Teqlər: Vyana   ATƏT   Bəyanat