“YAP kimsənin şəxsi mənafeyinə xidmət etmir” - Siyavuş Novruzov

  30 Mart 2019    Oxunub : 1465
 “YAP kimsənin şəxsi mənafeyinə xidmət etmir” - Siyavuş Novruzov
"Təəssüflər olsun ki, on illərdir partiya fəaliyyəti ilə bağlılığı demək olar ki, kəsilmiş bəzi şəxslərin onun çoxminlik üzvləri haqqında xoşagəlməz fikirlər səsləndirməsi, hətta təhqirə yol verməsi qətiyyən yolverilməz hadisədir və hər bir kəsin ləyaqətinə toxunur".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP İcra Katibinin müavini Siyavuş Novruzov partiyanın rəsmi saytında dərc olunan məqaləsində bildirib.

S.Novruzov deyib ki, kimin nə vaxtsa hansısa xidməti göstərməsi bu gün ona partiyanın yüz minlərlə üzvünü təhqir etmək imtiyazı vermir: "Həm də maraqlısı odur ki, son dövrlər bəzi şəxslər özlərini cəmiyyətə gah “91-lər”in nümayəndəsi, gah da “partiyanın qurucularından” biri kimi təqdim edirlər. Bu kimilərinə bir daha xatırlatmaq lazımdır - YAP-ın bir tək banisi və yeganə qurucusu var və bu şəxs Ümummilli Lider Heydər Əliyevdir. Qalanları isə onun şəxsiyyəti və ideyaları işığına toplaşanlardır. Bəzilərinin bu müqəddəs yolu yarımçıq qoymasına, bəziləri öz şəxsi ambisiyalarına qurban gedib yarı yolda qalmasına rəğmən, bu yol əbədidir, daimidir və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında layiqli rəhbərə malikdir. Bu partiya Vətəni, Milləti sevən, onun tərəqqisinə çalışan insanların birləşdiyi siyasi təşkilatdır və aydın məsələdir ki, kimsənin şəxsi mənafeyinə xidmət etmir".

Azvision.az

Teqlər: YAP