Partlayışda yaralanan iki nəfərin kimliyi məlum olub

  01 Aprel 2019    Oxunub : 1126
 Partlayışda yaralanan iki nəfərin kimliyi məlum olub
Tovuz rayonunun Öysüzlü kəndində baş verən partlayışla əlaqədar xəstəxanaya saat 23:20-də çağırış daxil olub.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki nəfər xəstəxanaya gətirilib.

Onlardan biri 1964-cü il təvəllüdlü Zemfira Qurbanovadır. Həmin şəxsdə travmatik şok, yuxarı ətrafların soyulmuş yarası aşkar edilib. Digər zərərçəkən 1992-ci il təvəllüdlü Həsən İmamverdiyevdə isə bel fəqərəsinin sınığı qeydə alınıb. Hər iki şəxsin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tovuz   Partlayış