Saxta araq və yuyucu toz hazırlayan sexlər aşkarlandı - FOTOLAR

 Saxta araq və yuyucu toz hazırlayan sexlər aşkarlandı -  FOTOLAR
  03 Aprel 2019    Oxunub:9034
Vergilər Nazirliyi (VN) alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.



Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.



Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, VN tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluqdan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.



Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.



Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib. Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır. Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.



"VN vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir.



Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.



VN ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyatı dövlət qurumlarına müraciət etsinlər", - deyə açıqlamada qeyd olunub.

Azvision.az


Teqlər: Vertgi   Sex   Saxta   İçki  





Xəbər lenti