Sizi dəliyə çevirən komplekslər - Murad Köhnəqalanın yazısı

  03 Aprel 2019    Oxunub : 4127
 Sizi dəliyə çevirən komplekslər - Murad Köhnəqalanın yazısı
Dini xurafatla savadsızlıq əl-ələ verib birləşəndə insanların dünyagörüşü yanlış məcraya yönəlir, cəmiyyət eybəcərləşir. Belə cəmiyyətlərdə insanlar yersiz ritual, qondarma adət-ənənələrlə özlərini yükləyib, həyatlarını ağırlaşdıraraq, zəhərə döndərirlər. Fərdlərdə pisixi pozğunluğa, dəliliyə bərabər komplekslər buketi əmələ gəlir. Fikrimi şahidi olduğum hadisələr, müşahidə elədiyim insanların hərəkətləri ilə təsdiqləməyə çalışacağam.
Bir dəfə aptekə dərman almağa girmişdim. Şüşənin o biri üzündəki ağ xalatlı satıcı növbəyə düzülmüş müştərilərə əlinə nə gəldi, tərifləyib satırdı. Növbə bizə yaxınlaşanda məndən əvvəldə duran gənc ata başını şüşənin dəyirmi kəsilmiş yerinə tərəf əyərək, satıcıdan xəcalətli bir səslə üç nömrə pampers istədi. Gənc atanın fağır səs tonunun səbəbini göydə tutdum, yəni belələrinə görə uşağa pampersi ata yox, ana almalıdı. Ata qəssabdan ət, bazardan kartof almaq, qonşuların gözləri qabağında maşınının baqajından iri paketlərdə bazarlıq düşürmək, nərd atmaq, ailəsi üçün təhlükə yaradanlara xox gəlmək üçündür. Bu gənc atanın beynində bir şey dolanırdı: “Məni burda tanıyan-zad olar, gedib məhəllədə danışar, biabır olaram”. Tin filosoflarının, tin hakimlərinin, tin ədəb-ərkan qoruyucularının, tin qanun keşikçilərinin gözündən iraq!

Sən demə, satıcı qadın da qəddarın biri imiş! Ucadan soruşasan ki, uşaq oğlandır, yoxsa qız? Yazıq gənc ata biraz duruxub, bayaqkından da fağır tonla qayıtdı ki, onun fərqi varmı ki? Faşist kopəkqızı nə desə yaxşıdır? “Fərqi böyükdür, bir az tez eləyin, növbədə adamlar gözləyir!” Yazıq gənc ata ikinci zərbədən beli qırılmış kimi oldu və şüşənin deşiyindən pıçıltı ilə: “qızdır” – dedi.

Ay daa! Bu, nə biabırçılıqdır? Oğlan uşağı üçün alsaydı, yenə dərd yarı idi. Gör haa, bu boyunu yerə soxduğum tullana-tullana gəlib, qız uşağı üçün pampers soruşur. Öl ee, öl! Bir kişi ki, oğlan doğa bilməyən arvadını aptekə göndərə bilməyə, nə deyəsən o peysərə? Utan, yerə gir ee, yerə! Tfuu! Yorğun-arğın işdən qayıdasan, arvad da evdə oturub sənə zəng eləyə ki, gələndə aptekdən uşağa pampers də alarsan. Azzar pampers! Qoy, çatım evə, gör, səni nə hala salacağam! Mənə bir oğul doğa bilmir, hələ pampers də aldırır... Və sairə!

Görün, bu xəstə cəmiyyətdə təkcə qız atası olmaq adamda nə qədər kompleks yaradır? Hələ uzadıb çox yazardım, istəmədim. Düşündüm, bu yazını normal adamlar da oxuyacaq, yazıqdılar, qoy, az əsəbləşsinlər.

Hə, onu da deyim ki, oğlan və qız üçün olan pamperslərin fərqi yalnız rəngindədir. Yəni, o qəddar satıcı yazıq kişini qırmızı-göy rənglərə görə biabır eləyib qoydu küncə. Bax, belə! Neçə ki, belə komplekslərin köləsi olacaqsınız, yaşadığınız həyat hər addımda burnunuzdan gələcək.

Yaxşı, qanınızı çox qaraltmayım, birini də danışım, kvit olaq.

Demək, 28 May tərəflərdə bir bərbər tanışım var, təmizkar adam olduğundan, saç üçün onun yanına gedirəm. O gün də saçımı səhmana salmağa getmişdim. Gördüm, kreslosunda bir gənc oturub. Bərbər artıq onun üzünü qırxmışdı, mənə dedi, tələsmirsənsə otur, televizora bax, bu gəncin saçını da düzəldəcəyəm. Razılaşdım. Bərbər onun saçını qırxıb gödəltdi, başını yudu, sonra da feni alıb, ukladkaya başladı. Yenə qayçı, ülgüc, daraq, maşınka. Axır ki, iş bitdi. Gənc müştərimizin kompleksi göz deşirdi, boyu balaca olduğundan, saçlarını bacardıqca dik düzəltdirmişdi. Onun bu vidi qorxudan pipiyini qabartmış tutuquşu kimi komik görünürdü.

Bərbər sonuncu xırda akkordlarını da vurduqdan sonra "Həmişə təmizlikdə!" deyib, onu mədəni şəkildə kreslodan qovmaq istədi. Ancaq gənc heç qalxıb gedənə bənzəmirdi. O, yayxandığı taxtdan azacıq dikələrək, boynunu ora-bura əyib, zəndlə qarşısındakı güzgüyə baxdı-baxdı-baxdı və nəhayət, dedi, “Sağ tərəfdəki bu tüklər elə bil, biraz çoxdur, onu da götür”.

Bərbər təzədən onun çiyninə dəsmal sərib, redaktələrə başladı. Ordan-burdan yarım millimetr götürdükdən sonra dedi: "di, xoş gəldin!" Bərbərin sözlərinə məhəl qoymayan gənc təzədən güzgüyə boylanıb "səhv" tutmağa girişdi və bərbərə başında yeni korrektə yerləri göstərdi.

Bərbər bu dəfə onun digər çiyninə dəsmal atıb, maşınka ilə yuvelir işlərinə girişdi və saçının bəzi yerlərindən millimetrin yüzdə biri qədər tük alıb “nizamladı”. Gənc müştərimiz yenə başını ora-bura çevirərək, özünə boylanmağa başladı və birdən baxışları güzgüdə mənim baxışlarımla toqquşdu. Deyəsən, səbirsiz duruşumdan ağlı bir şey kəsmədi, ona görə bərbərdən əl çəkdi, ancaq stoldan durmağa yenə tələsmədi. Özünü yenidən tumarlamağa başladı, güzgüləndi, pencəyinin boynunu qaldırıb, yenidən düzəltdi və qayıdıb kresloya yayxandı.

Baxdım ki, debil qalxıb getməyi unudub. Məcbur olub özüm girişdim məsələyə. Üzümü güzgüdə ona tutub, Alqasım oğlanlarının tonunda dedim: “Qaqaş, işin qurtarıbsa, zəhmət olmasa, kreslonu boşalt, icazə ver, biz də oturaq”. Qaqaş baxdı ki, ağır söhbət elədim, bundan sonrası pis ola bilər, odur ki, arxasını ağır-ağır qaldıraraq durdu və stolun üstünə bir "beşlik" qoyub güzgünün qarşısında son dəfə özünə vida tumarları çəkərək, çıxıb getdi.

Debil gənc yox olduqdan sonra bərbər danışdı ki, bu oğlan oturanda mənə dedi, tələbəyəm, rayona getməyə hazırlaşıram. Yəqin rayonda qız-zad istəyir, onunçün tumarlanır. Sonra da əlavə elədi ki, belələri çoxdur, elə bil, bura plyaj-zaddı, xumarlanıb uzanırlar, durub getmək bilmirlər.

Oturduğum yerdə öz-özümə düşünürdüm, ümumiyyətlə, cavan oğlan üzünü niyə dəlləyə qırxdırsın ki? Şikəst-zadsan? Şəxsən mən üzümü həyatımda ikicə dəfə özgəsinə qırxdırmışam. Bir dəfə Saatlı rayonunda qonaq olanda qəfildən bizi toya dəvət elədilər, mən də məcburən üzümü bərbərə qırxdırdım. İkinci dəfə isə üzümü Tovuzun bazarında bir bərbər qırxıb. Deməli, saçımı düzəltdirmək üçün kreslosunda oturan kimi bərbər soruşmadan üzümü sabunladı. Ta iş-işdən keçmişdi deyə, etiraz eləmədim, ancaq özünə bildirdim ki, üzümü qırxdırmaq fikrim yox idi. Vəssalam.

Murad Köhnəqala
Azvision.az üçün

Teqlər: