“Azərbaycan üçün zəfərlərin davamı hələ qarşıdadır” - General

 “Azərbaycan üçün zəfərlərin davamı hələ qarşıdadır” -    General
  03 Aprel 2019    Oxunub:5365
"Son illərdə hərbi sahəyə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılıb, ölkənin müdafiə potensialı gücləndirilib. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin ən parlaq qələbəsi kimi tarixə yazılıb. Bu döyüş Ermənistanın növbəti təxribatına qarşı verilən layiqli cavab idi"
Azvision.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, Aprel döyüşlərində Ordumuz sübut etdi ki, xalqımızın arzu və istəyini, işğal altında qalan torpaqlarımızı azad etməyə qadirdir:

"Bu döyüşlər Silahlı Qüvvələrimizin gücünü, peşəkarlığını, əsgər və zabitlərimizin vətənpərvərliyini, vətən uğrunda hər cür fədakarlığa qadir olduqlarını göstərən parlaq qələbədir. Hərb tariximizin şanlı qələbəsi olan Aprel döyüşləri bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin gücünü və işğalın müvəqqəti olduğunu sübut etdi. Bütün dünya bildi ki, Azərbaycan artıq 1990-cı illərdəki Azərbaycan deyil. Parlaq Aprel səhifəsindən 3 il keçməsinə baxmayaraq, xalqımız bu qələbənin sevincini hələ də yaşayır, düşmən isə bu məğlubiyyətin acısını hələ də unuda bilmir".

Xidmət rəisi bildirib ki, Aprel döyüşlərində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, fiziki sağlamlığını vətənə qurban vermiş qazilərimizin igidlik nümunəsi və zəfər eşqi gələcək qələbələrə yol açıb.

"Bu gün hərbi xidmətə çağırılan hər bir gəncin arzusu belə igid oğullar kimi düşməni məhv etmək, vətən və zəfər qəhrəmanı olmaqdır. Azərbaycan üçün zəfərlərin davamı hələ qarşıdadır. Biz bir daha sübut etdik ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək. Azərbaycan ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz".

General qeyd edib ki, uzun illər dünya Ermənistanın saxta məlumatlarını eşitsə də, Aprel döyüşlərindən sonra dünya ictimaiyyəti Azərbaycanın mövqeyi ilə barışmağa başlayıb.

"Aprel döyüşləri göstərdi ki, biz hərb yolu ilə işğal altında olan torpaqlarımızı ala bilərik. Ermənilərin təbliğat sahəsində gördüyü işlərə Azərbaycan son 10 ildə ideoloji cəhətdən layiqli cavab verib. İşğal altında olan torpaqlarımız tez bir zamanda azad olunacaq və Azərbaycanın bayrağı bu torpaqlarda dalğalanacaq. Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağı gün uzaqda deyil".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Arzu-Rəhimov   General  





Xəbər lenti