31 yaşlı qadını öldürüb qaçan sürücü həbs olundu

  31 yaşlı qadını öldürüb qaçan sürücü həbs olundu
  04 Aprel 2019    Oxunub:3400
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub.
Azvision.az -ın məlumatına görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı yaydığı məlumatda yer alıb. Qeyd olunub ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsü yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı vuraraq hadisə yerindən qaçıb, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “Kamaz-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aprelin 3-də M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti