“23 milyon manat büdcəyə qaytarılıb” - Palata sədri

 “23 milyon manat büdcəyə qaytarılıb” -  Palata sədri
  05 Aprel 2019    Oxunub:4229
Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib. O, bildirib ki, 472,4 min manat qurumların hesablarına və 732,2 min manat isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilib.

Onun sözlərinə görə, əvvəlki illərdə aparılan tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-nin büdcəsinə ödənilib.

V.Gülməmmədov qeyd edib ki, 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub.

“DSMF büdcəsinə bərpa edilən vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilən vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib. Son 5 ildə 69,5 mln manat vəsaitin dövlət büdcəsinə, 2,6 mln. manat vəsaitin isə DSMF büdcəsinə bərpası təmin olunub”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: BüdcəDSMF   Vəsait  





Xəbər lenti