“Seçkilərdə AKP-nin səsləri oğurlanıb” - Ərdoğan açıqlama verdi

  08 Aprel 2019    Oxunub : 2176
“Seçkilərdə AKP-nin səsləri oğurlanıb” - Ərdoğan açıqlama verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 31 mart tarixində keçirilən bələdiyyə seçkilərində İstanbuldakı səsvermə prosesində ciddi və sistemli qanun pozuntuları olub.
Azvision.az xəbər verir ki, Ərdoğan bunu Moskvaya yollanmazdan əvvəl Atatürk hava limanında jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, seçkilərdəki məhz həmin qanun pozuntuları səbəbindən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səsləri oğurlanıb.

“İstanbuldakı seçkilər zamanı sadəcə pozuntular yox, sistemli qanun pozuntuları olub. Biz, təşkilatın hərəkətə keçərək cinayət törətdiyini görürük. Vətəndaşlar təkid edirlər ki, onların hüquqlarına tam şəkildə hörmət edilsin. Və bizim vəzifəmiz də onların hüquqlarını müdafiə etməkdir. Kamera görüntüləri və başqa sübutlar da var. Burada söhbət seçki məntəqələrində səslərin oğurlanmasından gedir”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti bir daha bildirib ki, seçkilərdəki pozuntularla əlaqədar şikayətlərə baxıldıqdan sonra kimin qalib, kiminsə məğlub olması barədə yekun qərarı Ali Seçki Komisisyası verəcək. Bu səbəbdən kiminsə əvvəlcədən çıxıb qələbə çaldığını xalqa elan etməsi yolverilməzdir.

Qeyd edək ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul meri uğrunda mübarizədə rəqibi Cümhuriyyət Xalq Partiyasına uduzan (CHP) AKP Türkiyə Ali Seçki Komissiyasına (ASK) seçkilərin ilkin nəticələri ilə bağlı apellyasiya şikayəti verib. ASK-nın açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə İstanbuldakı seçkiləri 48,79% səslə müxalif CHP-nin namizədi Əkrəm İmamoğlu qazanıb.

Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalıb. AKP iddia edir ki, səslərin sayılmasında ciddi pozuntular olub və Yıldırımın xeyrinə verilən 2675 səs seçki komissiyaları tərəfindən yekun protokollarda qeydə alınmayıb. Bununla bağlı sübutlarının olduğunu deyən AKP həm də, bir çox seçki məntəqələrində Yıldırıma verilən səslərin ya qəsdən etibarsız hesab olunduğunu, ya da İmamoğlunun adına yazıldığını bildirir. Nəticədə, AKP-nin müraciəti əsasında ASK İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Lakin etibarsız hesab edilən səslərin 90%-nin sayılmasından sonra aradakı səs fərqi 14 minə düşsə də, İmamoğlu hələ də öndədir. Bu səbəbdən, AKP artıq İstanbulun bütün rayonları üzrə səslərin yenidən sayılması üçün ASK-yə müraciət edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Seçki   İstanbul