“Terrorçulara qarşı Rusiya ilə birgə savaşırıq” - Ərdoğan

  08 Aprel 2019    Oxunub : 1045
“Terrorçulara qarşı Rusiya ilə birgə savaşırıq” - Ərdoğan
Bu gün Moskvada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iki ölkə arasındakı siyasi, hərbi, strateji, iqtisadi, ticari və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq, 3 yeni saziş imzalanacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada iclasdan əvvəl rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi təkbətək görüşdə deyib. O, bildirib ki, Putinlə və rusiyalı nümayəndələrlə birlikdə ikitərəfli əlaqələrlə yanaşı, regioal problemlərə, xüsusən də, terrorçulara qarşı birgə mübarizənin davam etdirilməsinə də toxunulacaq.

“Digər çox vacib məqam isə hazırda regiondakı terror fəaliyyətlərinə qarşı birgə müqavimət formasında atdığımız addımlardır. Xüsusən də, Suriyada atdığımız və gələcəkdə atacağımız addımlar çox böyük önəm daşıyır. Bugünkü Yüksək Səviyyəli Əməkdaşlıq Şuramızın 8-ci iclasının da bu baxımdan çox əhəmiyyətli olduğunu düşünürəm” – Ərdoğan vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsinin həcmində 15% artım olub və hədəfləri gələcəkdə ikitərəfli ticarət həcminin 100 milyard dollaradək yüksəlməsinə nail olmaqdır.

Putin isə öz növbəsində bildirib ki, Türkiyə və Rusiya qlobal və regional problemlərlə bağlı çox sıx əlaqədədirlər, həmçinin, diplomatik, müdafiə və hərbi texniki əməkdaşlıq sahələrində sıx təmaslar qurublar: “Türkiyə ilə münasibətlərimizin, xüsusən də iqtisadi sahədə inkişaf etdiyini məmnunluqla izləyirik. Ölkələrimiz arasındakı ticarət həcmi 35 milyard dollara çatıb. “Türk axını” boru kəməri layihəsinin dəniz hissəsindəki tikinti işləri başa çatıb və qurudakı inşaat prosesi də planlaşdırıldığı kimi davam edir. Ümid edirik ki, layihə vaxtında tamamlanacaq.”

Putin həmçinin, bu axşam Türkiyə-Rusiya mədəniyyət və turizm ilinin açılışı edəcəklərini deyib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Rusiya