“Liviyadakı vəziyyətdən narahatıq” - Moqerini

 “Liviyadakı vəziyyətdən narahatıq” -  Moqerini
  08 Aprel 2019    Oxunub:2704
Avropa İttifaqı (Aİ) hazırda Liviyada baş verənlərdən olduqca narahatdır.
Azvision.az xəbər verir ki, bunu Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Liviyadakı vəziyyət getdikcə daha çox narahatlıq doğurur. Düşünürəm ki, bizim hamımızın etməli olduğumuz birgə çağırış bu olmalıdır: gələcəkdə hərbi gərginliyin daha da artmasından qaçmaq və siyasi danışıqlar yoluna geri dönmək üçün humanitar atəşkəsə riayət edilməlidir” – Moqerini vurğulayıb.

Qeyd edək ki, 2011-ci ildə Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Liviyanın şərqini seçkili parlament, paytaxt Tripoli də daxil omaqla qərb ərazilərini isə BMT və Avropa İttifaqının dəstəyilə formalaşdırılan, Fayez Sarracın başçılığı altındakı milli razılıq hökuməti idarə edir. Şərqdəki hakimiyyət Tripoliyə tabe olmur və Xəlifə Həftarın Liviya Milli Ordusu ilə əməkdaşlıq edir.

4 apreldə Həftar Tripolinin “terrorçulardan azad olunması” üçün şəhərə qarşı hücuma keçmək əmri verib. Nəticədə, LMO Tripolinin cənub-qərbindəki bir neçə rayonu, o cümlədən beynləxalq hava limanını döyüşsüz ələ keçirib. Buna cavab olaraq milli razılıq hökumətinə sadiq silahlı qüvvələr LMO-ya qarşı “Qəzəb vulkanı” adlı hərbi əməliyyatların başlandığını elan edib.

Hazırda tərəflər Tripoli uğrunda döyüşləri davam etdirirlər. Son məlumata görə, Həftarın ordusu Tripoli yaxınlığındakı hava limanına nəzarəti itirərək geri çəkilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Liviya   Avropaİttifaqı  





Xəbər lenti