Respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

  09 Aprel 2019    Oxunub : 4551
Respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.
Azvision.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında şirkətinin rəhbəri Bruno Janbar bildirib ki, sorğuya cəlb olunan respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət, 6.8 faizi mənfi qiymətləndirib, 8.1 faizi isə suala cavab verməyib.

"Ölkədə baş verən müsbət dəyişikliklərdən hansıları prezidentin fəaliyyətinin uğuru kimi dəyərləndirirsiniz" sualına cavab verən respondentlər əsas 5 dəyişiklik kimi bunları qeyd ediblər:

"Ölkədəki stabillik - 80.1 faiz, idmanın inkişafı 61.4 faiz, ölkənin müdafiə qabiliyyətinin, ordunun güclənməsi -58,4 faiz, əhalinin güzəranının yaxşılaşması, əmək haqları, təqaüdlər, müavinətlərin atması - 57.8 faiz, təhsil və səhiyyənin əlçatımlığı - 52 faiz".



Şirkət rəhbərinin sözlərinə görə, Prezidentin ölkədə apardığı kadr islahatlarından respondentlərin 43.3 faizi razı, 35.5 faizi qismən razı, 16.8 faizi razı qalmadıqlarını deyiblər. 4.4 faiz respondent isə suala cavab verməkdə çətinlik çəkib:

"Prezident İlham Əliyevin iqtisadi islahatlarını respondentlərin 64 faizi bəyəndiyi halda, 26.5 faizi "qismən bəyənirəm" cavabını verib, 6 faizi bəyənmədiyini, 3.5 faizi "Dəqiq bilmirəm" deyib.

Prezident İlham Əliyevin korrupsiya əleyhinə apardığı mübarizədən razısınızmı?“ sualına respondentlərin 45.3 faizi "razıyam", 30.3 faizi "qismən razıyam", 20.3 faizi "razı deyiləm", 4.1 faizi isə "dəqiq bilmirəm" cavabını verib. Prezidentin xarici siyasətinə repondentlərin 73.9 faizi "Əla", 16 faizi "Kafi", 2.4 faizi "Pis" münasibət bəslədiklərini qeyd ediblər. Respondentlərin 7.7 faizi dəqiq bilmədiklərini söyləyiblər.

Respondentlərin 72.3 faizi düşünür ki, Prezident İlham Əliyevin qəbul etdiyi "Regionların inkişaf proqramı" və onun bölgələrə diqqəti nəticəsində regionlarımız inkişaf edib. 20.8 faizi " qismən inkişaf edib", 4.7 faizi "inkişaf etməyib", 2.2 faizi isə "dəqiq bilmirəm" cavabını verib.

J.Jamba qeyd edib ki, sorğuda iştirak edən respondentlərin müəyyənləşdirilməsi çoxmərhələli seçmə metodologiyası əsasında aparılıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Sorğu   Prezident