“Əli Kərimli və İlqar Məmmədov siyasəti gözdən salır” - Partiya sədri

  10 Aprel 2019    Oxunub : 1332
“Əli Kərimli və İlqar Məmmədov siyasəti gözdən salır” - Partiya sədri
“Milli Şura ilə ReAl-ın qarşıdurması qaçılmazdır. Çünki onların bağlı olduğu xarici güclər bir-biri ilə qarşıdurma halındadırlar”

Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, qarşıdurma mövzusu indiki durumda sadəcə bəhanədir: “Milli Şura və ReAl ayrı-ayrı xarici güclərə istinad edərək, ölkədə siyasi təmsilçi kimi çıxış etmək istəyirlər. Həmin güclər bir-biri ilə rəqabət apardığından, ReAl və Milli Şura da rəqabət aparacaq. Bu, qaçılmazdır. Baş verən son hadisələr isə bəhanədir. Mən nə Milli Şuranı, nə də ReAl-ı Azərbaycanın ictimai-siyasi həyatına ciddi təsir edən qruplar kimi qəbul edirəm. Sadəcə hər kəs öz oyununu oynayır. Bir vaxtlar bəzi partiyalar hökumətlə oyun oynadı və parlamentə seçildilər. İndi də ReAl və İlqar Məmmədov açıq şəkildə söyləyir ki, seçilməsəm elə edəcəyəm, belə edəcəyəm. Yəni faktiki olaraq qrup maraqları uğrunda mübarizə gedir. Bu, din yox, un davasıdır”.

S.Cəlaloğlu vurğulayıb ki, hər iki siyasi qurumun rəhbərləri - Əli Kərimli və İlqar Məmmədov siyasəti gözdən salmaqla məşğuldur: “Siyasətdə təhqir etmək, başqasını alçatmaq milli əxlaqımıza, demokratiyaya zidd davaranışdır. Ümumən siyasətin mahiyyətinə ziddir. Belə adamlar siyasəti gözdən salır, onu küçə fəaliyyəti səviyyəsinə endirir. Söyüş o yerdə meydana çıxır ki, elmi, mənitiqi arqumentlər, dəlil və sübutlar yoxdur. Yəni doğru olduğunu dəlil və sübutlarla isbat edə bilmirsənsə, söyüşə əl atırsan. Söyüş yalanın sübut etmə vasitələrindən biridir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: ReAl   AXCP