Komitə sədri yanğın yerində: “Heç kim deyə bilməz ki, pul vermişəm”

  10 Aprel 2019    Oxunub : 1786
 Komitə sədri yanğın yerində: “Heç kim deyə bilməz ki, pul vermişəm”
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın olan yataqxanaya baş çəkib.

Azvision.az -ın məlumatına görə, komitə sədri yataqxana sakinləri ilə görüşüb, onların problemlərini dinləyib.
“Dövlət məcburi köçkünlər üçün evlər tikir. Hər il komitəyə yüzlərlə adam gəlir. Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün qəsəbələr salınır. 11 aydır fəaliyyət göstərirəm, tam şəffaflıq hökm sürür. Bu müddətdə heç kim deyə bilməz ki, pul vermişəm”, - deyə R.Rzayev vurğulayıb.

Bakıda 42 min məcburi köçkün ailəsinin yaşadığını deyən komitə sədri onların hamısının mənzillə təmin olunacağını bildirib.

"Şəhid ailələrinə, Qarabağ əlillərinə ev veririk. Bakıda 42 min məcburi köçkün ailə yaşayır. Bunların hamısına ev veriləcək. Bu günə qədər 300 min məcburi köçkün mənzillə təmin olunub. Bu məsələ cənab Prezident və Mehriban xanımın daim diqqətindədir. Sadəcə səbirli olmaq lazımdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Hadisə yerində 8 nəfərə tibbi yardım göstərilib. Yanğın zamanı 45 yaşlı kişi qorxudan özünü 5-ci mərtəbədən ataraq xəsarət alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Rövşən-Rzayev   Yataqxana   Yanğın