Xüsusi təyinatlı şəhidlərimiz: Əsir düşməmək üçün özlərini partlatmışdılar – VİDEO+FOTOLAR

  10 Aprel 2019    Oxunub : 10968
 Xüsusi təyinatlı şəhidlərimiz: Əsir düşməmək üçün özlərini partlatmışdılar – VİDEO+FOTOLAR
22 il öncə düşmənin xeyli canlı qüvvəsini məhv edərək mühasirəyə düşən, ancaq erməni işğalçılarının əlinə keçməmək üçün özlərini qumbara ilə partladan yeddi xüsusi təyinatlı döyüşçünün ildönümüdür.
Azvision.az xəbər verir ki, bu münasibətlə şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları II Fəxri Xiyabanda onların məzarını ziyarət ediblər.



Anım tədbirində iştirak edənlər xüsusi təyinatlı şəhidlərin keçdiyi döyüş yolundan və qəhrəmanlıqlarından danışıblar.



Vüqar Yarəhmədovun ölümündən 5 ay sonra dünyaya gələn oğlu atasının adını daşıdığına görə fəxr etdiyini deyib. O, uşaqlıqdan atasının qəhrəmanlıqları barədə söhbətləri eşidərək böyüdüyünü bildirib.



Şəhid Anar Rzayevin anası Ziyafət xanım isə bildirib ki, oğlu döyüş yoldaşları ilə birlikdə vətən uğrunda qəhrəmancasına vuruşub, təslim olmamaq üçün özünü partladıb.



Qrupun sağ qalan üzvü Aqil Əhmədov 22 il əvvəl əməliyyata gedərkən onlara verilən döyüş tapşırığından söz açıb. Həmsöhbətimiz istənilən zaman döyüşlərə hazır olduğunu bildirib.

Qeyd edək ki, 1997-ci il aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və ermənilər təslim olmalarını tələb edib. Bu təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüşlər başlayıb.



Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. Aqil Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır. O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A. Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə A.Əhmədovu dəyişmək mümkün olub.

Mərhum prezident, Ümummilli lider Heydər Əliyev şəhidlərin hər birini "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib: Leytenant Ağayev Elxan Ataxan oğlu, Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, Çavuş Rzayev Anar Üzeyir oğlu, Çavuş Mustafayev Dinar İbrahim oğlu, Çavuş Həsənov Aqşin Əli oğlu, Çavuş Ələkbərov Nizami Səfi oğlu, Çavuş Cavadov Fariz Şamil oğlu; Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)























Anar Kəlbiyev
FOTO : Şahin Sərdarov
VİDEO: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Şəhid   Anım-Mərasimi