Çexiya iş adamları Aqrar Ticarət Şirkətində - Fotolar

  10 Aprel 2019    Oxunub : 852
Çexiya iş adamları Aqrar Ticarət Şirkətində - Fotolar
Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-də (DATŞ) Azərbaycanda səfərdə olan Çexiyanın iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə nazir müavini Seyfəddin Talıbov və onun çex həmkarı Pavel Veselin, Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, eləcə də qida istehsalı ilə məşğul olan yerli şirkətlərin təmsilçiləri iştirak edib. Qonaqlar əvvəlcə DATŞ-ın həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində fəaliyyət göstərən eyniadlı satış mərkəzi ilə tanış olublar. Satış mərkəzi ilə tanışlıq zamanı qonaqlara şirkətin fəaliyyəti, layihəin məqsədi, satış mərkəzinin iş prinsipi barədə ətraflı məlumat verilib.



Daha sonra Çexiya iş adamları yerli qida istehsalçılarının məhsullarından ibarət sərgi ilə tanış olub. Sərgi iştirakçısı olan 18 yerli istehsal şirkətinin nümayəndələri öz məhsulları barədə qonaqlara məlumat verib, məhsulların dequstasiyası həyata keçirilib. P.Veseli Azərbaycan qida istehsalçıları ilə təşkil olunan bu görüşün mühüm əhəmiyyətə malik olduğunu bildirib:



“Azərbaycan kənd təsərrüfatı sahəsində çoxillik təcrübəyə malik bir ölkədir. Ölkələrimiz arasında bütün sahələr üzrə ikitərəli münasibətlər var və bu əlaqələr günü-gündən inkişaf edir. Bizim Azərbaycana səfərimizin və bugünkü görüşün əsas məqsədi ölkələrimiz arasında mövcud olan əməkdaşlığı daha da inkişaf etdirmək üçün danışıqlar aparmaq, Azərbaycanda istehsal olunan məhsulların Çexiyaya ixracı üçün mümkün əlaqələri qurmaqdır. Dəvətə və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarlarımıza təşəkkür edirik.”



Dequstasiya zamanı məhsulları bəyəndiklərini qeyd edən çexiyalı iş adamları yerli qida istehsalçıları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. DATŞ-ın direktoru Leyla Məmmədova Çexiya nümayəndə heyətinə dəvəti qəbul edib görüşdə iştirak etdiklərinə görə təşəkkür edib və gələcəkdə belə görüşlərin davam etdiriləcəyini qeyd edib: “Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin, eləcə də yerli qida istehsalçısı olan şirkətlərin məhsullarının satışına dəstək göstərməkdən ibarətdir.



Bu zaman biz yerli istehsal qida məhsullarının ixracını da təşkil etməyə çalışırıq. Bugünkü görüşün məqsədi də yerli qida istehsalçısı olan şirkətlərlə Çexiyadan gəlmiş iş adamlarının birbaşa ünsiyyətini təşkil etmək, çexiyalı qonaqlara yerli məhsulların tanıtımını həyata keçirməkdir. Bu cür görüşlər iki ölkə arasında həm aqrar sahədə, həm də qida məhsulları sahəsində əməkdaşlığın gələcək inkişafına töhfə verəcək.”



Çexiya nümayəndə heyətinin üzvləri, eləcə də yerli qida istehsalçısı olan şirkətlərin təmsilçiləri belə görüşlərin mütəmadi keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Azvision.az

Teqlər: KTN   Çexiya