İlham Əliyevin yenidən prezident seçilməsinin 1 ili

 İlham Əliyevin yenidən prezident seçilməsinin  1 ili
  11 Aprel 2019    Oxunub:8076
Azərbaycanda keçirilən prezident seçkilərindən bir il ötür.
Azvision.az xəbər verir ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,02 faiz səs toplayan İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçilib.

2018-ci ilin aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev yeni islahatların aparılacağını bildirmişdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır".



Dövlət başçısının seçkilərdən sonra imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı oldu. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. İlham Əliyevin yanvar ayının 28-də imzaladığı digər fərmanla 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi. 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi qərara alındı. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləğini 242 manatdan 300 manata qaldırdı.



Son il ərzində sosial sahədə də bir sıra mühüm addımlar atıldı. Bunlardan biri minimum əməkhaqqının artırılması oldu. Belə ki, minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Sərəncamdan əvvəl 400 min şəxs 180 manatdan az əməkhaqqı alırdı ki, onların da 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışırdı. Bu sərəncamdan sonra minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi.

Minimum əməkhaqqının məbləğinin artırılması 600 minədək insanı əhatə etdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım oldu.

Milli Məclisin fevralın 19-da qəbul etdiyi və ölkə başçısının təsdiqlədiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olundu. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxardı. 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artdı. Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında artdı.



Prezidentin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı isə 576,8 min nəfəri əhatə etdi. Aprelin 1-dən qüvvəyə minən sərəncama uyğun olaraq sosial müavinətlər yaşa görə 130 manat, I qrup əlilliyə görə 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə isə 110 manat müəyyənləşdi. Sərəncama əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar 150 manat, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri 80 manat, 5-dən çox uşağı olan qadınlar hər uşaq üçün 55 manat sosial müavinət alacaqlar. Bunlarla yanaşı, müavinətlər uşağın anadan olmasına görə 200 manata, dəfn üçün isə 300 manata çatdırıldı.

Sərəncamla müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezidentin təqaüdü də təsis edildi. Müharibə əlilləri üçün Prezidentin təqaüdünün məbləği I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata qaldırıldı. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad (indi Sankt- Peterburq) şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezident təqaüdünün məbləği 150 manata çatdırıldı.

Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman isə uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələni həll etdi. Problemli kreditlərlə bağlı məhkəmə işləri dayandırıldı, məhkəmələrin qərar və qətnamələri qüvvədən düşdü. Bu fərman ümumilikdə 800 mindən artıq vətəndaşı əhatə edir.

Prezidentin fərman və sərəncamları ilə ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdü, Prezident təqaüdü, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı. Belə ki, bu artım 100 minə yaxın tələbəni əhatə edir.



Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 10 milyonuncu sakini ziyarət etməsi, mədəniyyət və incəsənət xadimlərilə görüşü, zəlzələ baş verən bölgəyə səfərləri və digər oxşar addımlar isə xalq tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Son bir ildə Prezident İlham Əliyev ölkənin bir çox şəhər və rayonlarında səfərdə oldu.

1. Xaçmaz-Xızı (4 may). 2. Naxçıvan Muxtar Respublikası (16 may). 3. Goranboy və Naftalan (5 iyun). 4. Sumqayıt (18 iyul, 16 noyabr, 27 dekabr). 5. Şamaxı-İsmayıllı (25-26 avqust). 6. Biləsuvar-Masallı (18 sentyabr), 7. Quba-Xızı (11 oktyabr). 8. Lənkəran-Astara-Lerik (15 oktyabr). 9. İmişli (22 oktyabr), Qax- Şəki (28-29 oktyabr). 10. Ağdam-Ağcabədi (5 noyabr). 11. Abşeron (24 dekabr). 12. Sumqayıt (16 yanvar, 18 fevral). 13. Şamaxı (7 fevral, 7 mart). 14. Beyləqan (13 fevral). 15. Ağsu (6 mart).

Ümumilikdə ölkə başçısı 22 şəhər və rayona 27 dəfə səfər edib, 93 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib.



Qeyd edək ki, “OpinionWay” şirkəti tərəfindən Naxçıvan MR istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirilən geniş rəy sorğusunun nəticələrinə görə, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1%-i bütövlükdə “müsbət” cavab verib.





Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti