Paşinyan Strasburqda fikrini dəyişdi: “Bizə müharibə yox, sülh lazımdır”

  11 Aprel 2019    Oxunub : 2299
 Paşinyan Strasburqda fikrini dəyişdi: “Bizə müharibə yox, sülh lazımdır”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Vyanada keçirdiyi ilk rəsmi görüşdən cəmi 3 saat sonra müdafiə naziri David Tonoyanın verdiyi “yeni ərazilərin işğalı üçün yeni müharibə” açıqlamasında və Tonoyanın bu bəyanatını dəstəkləməsində sülhlə nizamlanma üçün heç bir ziddiyyət görmür.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Paşinyan Strasburqa səfəri çərçivəsində Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

İrəvanda olarkən Azərbaycana qarşı müharibə çağırışı edən və destruktiv bəyantları ilə Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasına kölgə salan Paşinyan Strasburqda özünü avropalılara “sülhpərvər” imicdə göstərməyə çalışıb. Bu mənada o, fikirlərində bir qədər dəyişiklik edib.

“Səslənən ifadələr sadəcə mövcud vəziyyətin şərhidir. Ermənistan tərəfinin yeganə təklifi bir-birimizə qarşı güc tətbiqi ilə müraciət etməyi dayandırmaqdır. Biz Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə təhdid dilindən istifadəni dayandırmalıyıq. Və bizim məqsədimiz cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamaqdır. Əgər biz bunu etsək, onda bizdə tamam fərqli vəziyyət olacaq”, – Paşinyan deyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: