"Daha 6 şəhərdə kiçik təsərrüfatlar yaradılacaq"- Nazir

  11 Aprel 2019    Oxunub : 761
"Daha 6 şəhərdə kiçik təsərrüfatlar yaradılacaq"- Nazir
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Azvision.az -a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ümummilli lider Heydər Əliyevin Ağdaş rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.



Nazir vətəndaşlarla görüşündə vurğulayıb ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramı ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan verib. Dövlət başçısının cari ildə imzaladığı fərman və sərəncamlar nəticəsində minimum əmək haqqının və minimum pensiyanın, sosial müavinət və təqaüdlərin ciddi şəkildə artırılması təmin edilib, birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib:



"Bu, həmçinin problemli kreditlərin həlli, eləcə də mühüm sosial önəm kəsb edən digər tədbirlər bir daha göstərir ki, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması Prezident cənab İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir".



Qəbula gələn vətəndaşlar ölkədə sosial sahədə aparılan mühüm islahatlara, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, həssas əhali qruplarına dövlətin qayğısının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olan fərman və sərəncamların imzalanmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.



Qəbul zamanı vətəndaşlar pensiya və digər sosial təminat, əlilliyin qiyimətləndirilməsi, reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.



Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların işlə təmin edilməsi, potensialları nərəzə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması tapşırılıb.



Nazir qeyd edib ki, Mingəçevir, Naftalan, Xocalı şəhərləri, Ağdaş, Goranboy, Yevlax rayonları üzrə nazirliyin məşğulluq orqanları vasitəsilə cari ilin birinci rübündə 2 minə yaxın şəxs münasib işlə təmin edilib. Qeyd olunan şəhər və rayonlar üzrə 2018-ci ildə əvvəlki illə müqayisədə dəfələrlə çox olmaqla 500-dək ailə özünüməşğulluq proqramına cəlb edilib. Cari ildə də proqram çərçivəsində bu şəhər və rayonlarda aztəminatlı ailələr üçün yeni kiçik ailə təsərrüfatları yaradılacaq.



S.Babayev həmçinin ölkəmizin bütün regionlarında, o cümlədən bu bölgədə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib. Nazir bu il bir sıra şəhərlərdə, o cümlədən Naftalan şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini qeyd edib. Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, peşə hazırlığına, ayrı-ayrı şəxslər nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.

Azvision.az

Teqlər: Nazir   Qəbul