“İlqar Məmmədovu əllərində bayraq edənlərə ay yarım vaxt vermişdim” - Siyavuş Novruzov

“İlqar Məmmədovu əllərində bayraq edənlərə ay yarım vaxt vermişdim” -  Siyavuş Novruzov
  12 Aprel 2019    Oxunub:4279
“Müsahibələrimdən birində söyləmişdim ki, İlqar Məmmədovu əllərində bayraq edənlərə ay yarım vaxt verirəm. O vaxt məni tənqid edənlər oldu. Nəticə göz qabağındadır. Yəni mən hansı fikri söyləmişəmsə, son anda reallığa çevrilir”
AzVision.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov AXCP-ReAL qarşıdurmasına münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, bu şəxslər İlqar Məmmədov həbsxanada olanda ondan istifadə edirdilər: “Həmin insanlar azadlığa çıxdıqdan sonra onlara lazım deyil. Yəni istifadə metodu deyillər. Bu baxımdan onlara ürəyi yandıqlarından deyil, öz şəxsi maraqlarının həyata keçməsi üçün müdafiə ediblər. Əli İnsanovla bağlı da belə olacaq. Bu şəxs bir balaca Milli Şura və digərlərinə qarşı addım atan kimi görün onun haqqında hansı fikirləri söyləyəcəklər”.

YAP rəsmisinin sözlərinə görə, vaxtilə keçirdikləri mitinqlərdə Əli Kərimli və Cəmil Həsənli "İlqar Məmmədov" deyə car çəkirdilər. İndi isə Cəmil Həsənli onu “şipyon”, o biri “vətən xanini” adlandırır, başqa birisi isə “iqtidara işləməkdə” günahlandırır. Yəni rəqabət yaranan kimi dərhal şantaj metodu işə düşür.

S.Novruzov qeyd edib ki, iqtidara işləmək erməniyə işləməkdən daha şərəflidir: “Kimsə obyektiv şəkildə dövlətin atdığı addımları, prezidentin atdığı addımları dəstəkləyirsə, öz fikrini bildirirsə, bu niyə iqtidara işləmək hesab olunmalıdır?! Uzun müddət Azərbaycana qarşı qərəzli mövqe tutan Emin Milli vardı. Son çıxışında atılan addımları müdafiə etdi. Bu, baş verən kimi dedilər ki, aha bu da alındı, satıldı, iqtidara işlədi. Görürsünüzmü, bunların düşüncə səviyyəsi buradan o tərəfə keçmir. Ona görə də bu şəxslərin ətrafına sosial baza yığılmır. Çünki məsələləri obyektiv qiymətləndirə bilmirlər. Məsələn uşaqpulu ilə bağlı məsələdə elan edirdi ki, mitinqə gəlin, uşaqpulunu alıb verəcəyik. Hansı əsasla bu vəsaiti verə bilərsən? Sən baş nazirsən, kimsən? Vəsaiti dövlət strukturu ayırır. Hazırda bu məsələ ilə bağlı iş gedir. Amma sui-istifadə hallarına yol vermək olmaz”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: YAP   Müxalifət   Siyavuş-Novruzov  





Xəbər lenti