Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşları uşaq evlərində - Fotolar

Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşları uşaq evlərində -    Fotolar
  11 Aprel 2019    Oxunub:1590
Aprelin 10-da və 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Gəncə və Şəki şəhərlərində yerləşən Uşaq evlərini ziyarət ediblər.
Fonddan Azvision.az -a verilən məlumata görə, uşaq evlərinin sakinləri musiqili-əyləncəli proqramla və şeirlərlə çıxış edərək öz istedadlarını nümayiş etdiriblər. Maraqlı süjet xətti və şən musiqilərlə zəngin olan kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.



Fondun icraçı direktoru Mehman İsmayılov uşaqları salamlayaraq bildirib ki, onlar cəmiyyətimizin gələcəyi, xalqımızın, dövlətimizin ən qiymətli sərvətidir. Uşaqlar sevgi, sədaqət, təmizlik, saflıq, məsumluq, dürüstlük kimi ən ülvi mənəvi dəyərləri özündə birləşdirən varlıqlardır.



Bu gün uşaqların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri də uşaq evlərini ziyarət etməyi özlərinin ən ümdə vəzifələrindən biri hesab edir.



Tədbirlərin yekununda Uşaq evlərinin balaca sakinlərinə hədiyyələr təqdim olunub. Uşaq evlərinin rəhbərliyi və balaca sakinləri Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələrinə öz təşəkkürlərini bildiriblər. Məlumat üçün bildirək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində ölkədə yerləşən uşaq evlərinin ziyarət edilməsi nəzərdə tutulur.



Azvision.az


Teqlər: Uşaq-Evləri  





Xəbər lenti